Müdrik Lider, böyük strateq, qalib SƏRKƏRDƏ - TƏHLİL

Müdrik Lider, böyük strateq, qalib SƏRKƏRDƏ - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”

"Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik". Bu, Prezident İlham Əliyevin sentyabrın 6-də keçirilən Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.

Bəli, Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On doqquz il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 19 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Çünki ….

ALİ BAŞ KOMANDAN 44 GÜN DAVAM EDƏN İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏ NƏYİ, NƏ VAXT EDƏCƏYİNİ BİLDİYİ ÜÇÜN BU QƏLƏBƏ QAZANILDI

Bəli, Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün bu Qələbə qazanıldı. Bu Qələbə son 19 illik hakimiyyəti dövründə Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatına diqqət və qayğısı nəticəsində əldə olundu. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

HƏMRƏYLİKDƏN – «DƏMİR YUMRUĞA» GEDƏN, GÜCLƏNƏN, MÖHKƏMLƏNƏN QALİB ORDU 44 GÜNDƏ MÜMKÜNSÜZÜ MÜMKÜN ETDİ

Bəli, bu həmrəylikdən – «Dəmir yumruğa» gedən, güclənən, möhkəmlənən Qalib Ordu 44 gündə 30 illlik torpaq həsrətinə son qoyaraq qələbə Zəfərinə nail oldu. Bu Zəfər qələbəsi Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi. Bəli, bu qələbə Prezident İlham Əliyevin “nəyi nə vaxt, necə etmək lazım olduğunu bilərək, “Güclü ordu - güclü dövlət” strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsidir və bu siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Noyabrın 10-da isə imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktı oldu. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi cəhənnəmə hasil oldu.Prezident İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edilir. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu kimi formalaşıb. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra isə ordumuzun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub. Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti həm də mahir sərkərdədir. Bu gün Baş Komandanın müəyyən etdiyi konkret planlar, tədbirlər əsasında hərbi islahatlar davam edir və ordumuzun arsenalı daha da gücləndirilir.

Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir. Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur. Bəli, Ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində «Dağlıq Qarabağ» problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə