Prezident: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz"

Prezident: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz"

Bəli, Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq 44 günlük qələbəmizdən bir iki il keçməsinə baxmayaraq bu istiqamətdə genişmiqyaslı işlər görülür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə hər səfərləri zamanı vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması işğaldan azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməllərinin qoyulması ilə yanaşı, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.

"MƏNİM SÖZÜM İMZAM QƏDƏR QÜVVƏTLİDİR"

Bəli, sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. İşğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub.

"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 19 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.

Bu yerdə 12 il öncə dövlət başçımızın dediyi sözü - 2010-cu noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxışı zamanı Prezidenti İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Bu gün Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu etdi. Bunu dövlət başçımızın dediyi kimi: «Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur... Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq».

Bu gün dəmir yumruğun gücü ilə Qarabağ Azərbaycandır - dirçəliş yolundadır. İlk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi əsas məsələlər sırasındadır. Doğrudur, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.

Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.

HAZIRDA ƏN BÖYÜK RƏQİBİMİZ ZAMANDIR

Göründüyü kimi, bu gün 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi altında necə uğurlu taktika seçilmişdisə, müharibədən sonra da cənab Prezidentin rəhbərliyi altında bir o qədər uğurlu qayıdış taktikası seçilib. Yeni qurulacaq Qarabağda artıq «ağıllı kənd», «ağıllı şəhər» layihələri gündəmdədir. Cənab Prezident birinci olaraq, infrastrukturların qurulmasından başladı. Yəni, bir növ Qarabağı bütün dünyaya təqdim etmək məsələsi gündəmə gəldi. Artıq qısa müddət ərzində Azərbaycanın böyük bir uğuru olan Füzuli hava limanının, Zəngilan hava limanının istifadəyə verilməsi Azərbaycanın hərbi-iqtisadi qüvvəsini göstəricisidir.

“Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, - deyən Ulu Öndər bir gün yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. O, həm də inanırdı ki, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək.

Bəli, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəs alan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır, güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq. Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır. Və dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfəri bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Dövlət başçımızın dediyi kimi: “Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də ədaləti bərpa edərək öz torpaqlarımıza sahib olduq.

"BİZ QARABAĞI, ZƏNGƏZURU YENİDƏN QURURUQ, YENİDƏN QURMALIYIQ"

"Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik»,- deyən dövlət başçısı dəfələrlə bildirib ki, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Həmçinin son dövr ərzində ölkədə orta əməkhaqqı 14 faiz, pensiyalar 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi isə dövlət büdcəsidir. Həm də nəzərə almaq lazımdır ki, ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.

Artıq qələbəmizin iki ili ərəfəsindəyik. Bu iki il böyük zaman kəsiyi deyil. Lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Öz doğma yerlərinə qayıdacaq vətəndaşlarımız üçün indi ən mükəmməl həyat şəraiti yaradılır. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılması görülən işlərin realllığıdır və verilən sözə əməlin göstəricisidir. İndiyədək qısa zamanda bir sıra iri layihələrin icrası başa çatdırılıb. Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elekrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir. Ən əsası bütün bunlar bu ərazilərin yenidənqurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Müzəffər Ali Baş Komandanın bir neçə gün əvvəl Kəlbəcər rayonuna səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərin bərpası üçün necə əzəmətli layihələr reallaşdırır.

Bir sözlə, bu gün Qarabağda, Şərqi Zəngəzurda təməli qoyulan hər tikili, üst-üstə hörülən hər daş, torpağa əkilən hər fidan bu sevginin ifadəsidir. Böyük gücün, zəhmətin, dünyaya fayda vermək arzusunun, Azərbaycan insanının quruculuq əzminin təcəssümüdür.

Dövlət başçımızın dediyi kimi: «Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik». Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə