Qərb-Rusiya toqquşmasının bir ucu da Cənubi Qafqaza doğru uzanır
Məlum olduğu kimi, gələn həftənin bazar ertəsi günü Azərbaycan və Ermənistanın liderləri - Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında növbəti görüş gözlənilir. Görüş Rusiyanın dövlət başçısı Vladimir Putinin təşəbbüsü və vasitəçiliyi ilə keçiriləcək. Rusiya mediası və bu ölkənin müxtəlif siyasi dairələri isə açıq-aydın yazırlar ki, Soçi görüşünün məqsədi danışıqlar prosesinin Brüsselin, eləcə də ABŞ-ın ayrılıqda göstərdiyi təşəbbüslərini onların əllərindən alınmasına hesablanıb. Məhz bu xüsusda qeyd edə bilərik ki, Rusiyanın Ukraynda apardığı müharibəsi fonunda Moskvanın Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub-saxlamaq cəhdləri bir sıra suallar yaradır.
Ortada olan fakt budur ki, Ermənistan rəhbərliyi bütün hallarda danışıqlar prosesinin uzadılmasına çalışır
Daha dəqiq desək, Qərb-Rusiya toqquşmasının bir ucu da Cənubi Qafqaza doğru uzanır. Məsələn, Brüsselin vasitəçiliyi sayəsində tərəflərin sülh sazişini imzalaması fonunda Vaşinqtonun hansısa sirli sənədinin ortaya çıxması, ardınca isə Fransa prezidenti Makronun hazırkı dövrə qədər əldə edilmiş razılaşmalara öz əsassız bəyanatları ilə kölgə salmaq cəhdləri, ATƏT-in mülki missiyasının Ermənistana gedərək orada müşahidə aparması istər-istəməz Moskvanın “mən də varam” prinsipi ilə ortadan çəkilməməsi mənzərəsini təqdim edir. Lakin ortada olan fakt budur ki, Ermənistan rəhbərliyi bütün hallarda danışıqlar prosesinin uzadılmasına çalışır və eyni zamanda, Brüssel xaric, digər oyunçuların prosesdəki qeyri-səmimi davranışları diqqət çəkir. Elə götürək Moskvanın təşəbbüslərini. İstər-istəməz belə bir sual meydana çıxır - əgər Rusiya həqiqətən də bu məsələnin birdəfəlik çözülməsində maraqlıdırsa, eləcə də Zəngəzur dəhlizinin açılmasının məhz Moskva üçün də sərfəli olduğu bəyan edilirsə, onda nəyə görə Qarabağdakı erməni separatçıları və ümumiyyətlə, qanunsuz erməni hərbi birləşmələri hələ də öz mövcudluqlarını qoruyub-saxlamaqda davam edirlər?
Artıq Moskva dövlət TV-lərində anti-Azərbaycan xarakterli politoloqları danışdırması yerinə öz mövqeyini daha açıq formada dilə gətirməlidir!
Görünən budur ki, Rusiyanın əsas məqsədlərindən biri və bəlkə də birincisi məhz Rusiya sülhməramlı kontingentinin (RSK) orada qalmasını davam etdirməkdən ibarətdir. RSK Qarabağdadırsa, bu Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən də mövcudluğunu sübut edir. Ancaq digər tərəfdən, daha bir fakt budur ki, Ermənistanın mövcud iqtidarı artıq açıq olaraq bəyan edir ki, onlar ölkələrində Rusiya bazalarını görmək istəmirlər, habelə rəsmi İrəvan artıq KTMT-dən çıxmaq üzərində işləyir və bunu həmin iqtidara Qərb tələb olaraq irəli sürüb. Artıq Moskva dövlət TV-lərində anti-Azərbaycan xarakterli politoloqları danışdırması yerinə öz mövqeyini daha açıq formada dilə gətirməlidir!
Bakının tələbləri bəllidir!
Təbii ki, Azərbaycanın da bir sıra tələbləri var və bu tələblərin hər biri bilavasitə 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdakı bəndləri qarşı tərəfdən realizə edilməsidir. Üstəlik, Rusiya Qarabağın “statusu” məsələsinin sonrakı müddətlərə saxlanılması təklifini də irəli sürür ki, bu ümumiyyətlə, rəsmi Bakının mövqeyinə ziddir. Daha doğrusu, Prezident İlham Əliyev ümumiyyətlə, bu məslənin həll olunduğunu və Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduqlarını dəfələrlə bəyan edib. Bu baxımdan, Soçi görüşündəki müzakirələr kifayət qədər diqqətləri cəlb edir.
Ümumiyyətlə, Rusiya qalib tərəf kimi tanınan və qəbul edilən Azərbaycanın tələblərinin həyata keçirilməsi üçün İrəvana qarşı təzyiqlərini artırmalıdır. İlk növbədə vurğulanmalıdır ki, Qarabağ məsələsi artıq Azərbaycanın daxili işidir və yerdə qalan tələblər də vaxtlı-vaxtında yerinə yetirilməlidir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB