"İki ölkə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçılarıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"İki ölkə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçılarıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanla Gürcüstan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçılarıdır. Bu iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıqdan artıq müttəfiqliyə yüksəlib". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri Ramil İsgəndərli deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında əlaqələr regionda sülhün və sabitliyin formalaşmasına və regionda yerləşən digər dövlətlərin də bu əməkdaşlıq platformasına cəlb olunmasının məqsədəuyğunluğunu göstərir: "Belə ki, Azərbaycan, Gürcüstan və Türkiyənin fəal iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu regionun Avropa üçün nə qədər əhəmiyyətli olduğunu büruzə verir".

Ramil İsgəndərli sözlərinə belə davam edib: "Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti For der Lyayen Azərbaycanı regionda etibarlı tərəfdaş hesab edib. Səfər zamanı Mçxeta rayonundakı Muxrani sarayında Qarabağ xanlığının irsi sərgisi ilə hər iki ölkə rəhbərinin tanışlığı nəinki simvolik xarakter daşıyır, eyni zamanda regionun 3-cü ölkəsi olan Ermənistana da bir mesaj xarakterlidir. Mesaj ondan ibarətdir ki, bu platforma hər üç ölkənin özünü birləşdirən, Cənubi Qafqazda sülh təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində önəmli bir təşəbbüs ola bilər.

Son olaraq onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr nəinki dövlət səviyyəsində eyni zamanda, həm beynəlxalq platformalarda, həm ikili əməkdaşlıqda QHT-lər arasında da baş verir. QHT-lər son zamanlar Gürcüstan QHT-ləri ilə əməkdaşlıq etməklə beynəlxalq platformalarda da bir-birilərini dəstəkləyir və zaman-zaman birgə layihələr də həyata keçirməkdədirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə