Fars şovinizminin pik həddi son nəfəsdə SİYASİ RAKURS+ÖZƏL

Fars şovinizminin pik həddi son nəfəsdə SİYASİ RAKURS+ÖZƏL

İran təhdidlərinin ayaq açmasında rol alan bütün casus şəbəkələrin ağızları qapadılacaq!

İddialara görə, yaxın 10 gündə ölkəmizdə İrana məxsus casus şəbəkəsinin darmadağın ediləcəyi gözlənilir. SİA xəbər verir ki, bu haqda AZfront teleqram kanalı yazıb və eyni zamanda, həmin məlumat bir sıra yerli media səhifələrində də yer alıb. İnformasiyaya görə, məhz bu addım Tehranın son vaxtlar Azərbaycana qarşı əsassız ittihamları ilə əlaqələndirilə bilər. Üstəlik bütün bunlara Tehranın Ermənistanla “can-qardaş” xarakterli mesajlarını da əlavə etsək artıq nəyin necə olduğunu çox rahat qaydada müəyyən edə bilərik. Bütövlükdə isə son bir həftə ərzində İranın Azərbaycana qarşı öz təbirincə təhdid mesajları aşağıdakılar hesab olunur:

- tank və motoatıcı birləşmələrin Azərbaycan ərazisinə daxil olmasının təlimi

- Azərbaycanın suveren ərazisinin - Naxçıvan Muxtar Respublikasının ilhaqı məqsədi altında Tehran rejiminə yaxın olan təbliğatçıların iştirakı ilə media kampaniyası;

- İran rəsmilərinin mövcud Ermənistanın “indiki əraziləri” hesab olunan tarixi Azərbaycan torpaqları üzərindən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin qarşısının alınması planı kontekstində təhdidlərin artırılması. Bu, İran xarici işlər nazirinin ötən həftə İrəvana səfəri və onun iştirakı ilə Azərbaycanla sərhəd yaxınlığında İranın Baş Konsulluğunun açılışı zamanı verdiyi bəyanatlara da aiddir;

- İran İslam Respublikası adlı ölkənin tərkibinə daxil olan, eləcə də öz tarixi torpaqlarında yaşayan etnik azərbaycanlılara qarşı çoxsaylı qurbanlarla müşayiət olunan kütləvi repressiyalar.

Söz yox ki, əgər Tehranın nəzarətində olan media qurumları, habelə onların ölkəmizdəki emissarları, daha dəqiq desək, casusları uzun illərdir anti-Azərbaycan xarakterli fəaliyyət göstərirdilərsə, paralel olaraq erməni maraqlarına xidmət edirlərsə - artıq bütün bunlara birdəfəlik son qoyulmağın da zamanı çatıb! Xüsusilə, Cənubi Qafqazda həssas bir dönəmin olduğu bir zamanda, habelə Azərbaycanın və partnyorlarının regionda sülhün bərqərar olması yönündə apardığı işlər müqabilində İranın məlum mövqe nümayiş etdirməsi ümumiyyətlə sağlam düşüncə təsirini bağışlamır.

Əgər Tehranın başbilənləri – saxta mollaları və qondarma üləmaları bundan xoflanırlarsa...

Digər yandan, Tehranın gah bu, gah da digər məsələlərlə bağlı Azərbaycana qarşı “qırmızı xətt” tipli “barmaqsilkələmə” bəyanatlarını nəzərə alsaq bunun heç bir siyasi diplomatik dəyərlərə sığmadığını, o cümlədən, əndazənin aşdığını da əminliklə söyləyə bilərik. Azərbaycan müstəqil ölkə olaraq müstəqil siyasət yürüdür, heç kimdən və heç bir siyasi mərkəzlərdən asılı deyil və olmayacaq, həmçinin bu siyasətin təməlində əsla qonşu ölkələrin ərazilərinə qarşı hər hansı bir təhdid yaratmaq marağı da ümumiyyətlə mövcud deyil.

Əgər Tehranın başbilənləri – saxta mollaları və qondarma üləmaları bundan xoflanırlarsa onda daha yaxşı olardı ki, özünün siyasətinə əl gəzdirməli və hətta ölkəmizə qarşı yekə-yekə, hədyan xarakterli bəyanatlar səsləndirən şovinist politoloqlarına, jurnalistlərinə, eyni zamanda, rəsmi şəxslərinə çəki-düzən verməlidir!

Heç kim, heç vaxt deyə bilməz ki, ölkəmizdə bir dinə mənsub olan şəxs digər dinə mənsub olan şəxsə qarşı dözümsüzlük nümayiş etdirib

Daha bir məqam isə Azərbaycanda yaşamalarına, bu ölkənin çörəyini yemələrinə baxmayaraq, İrandakı mollakratiya rejiminin ölkəmizə transfer edilməsini arzulayanlarla bağlıdır. Azərbaycan Respublikası bütün dünya, beynəlxalq aləm tərəfindən dünyəvi ölkə olaraq tanınır, o cümlədən, Azərbaycan dünyada bütün dinlərin, məzhəblərin bir araya gəldiyi azsaylı tolerant ölkələrindən biridir. Heç kim, heç vaxt deyə bilməz ki, ölkəmizdə bir dinə mənsub olan şəxs digər dinə mənsub olan şəxsə qarşı dözümsüzlük nümayiş etdirib və s.

Lakin teokratik quruluşa malik olan və bu vasitə ilə İslam dini pərdəsi altında müxtəlif kirli işlərlə məşğul olan Tehran rejimi və ona bağlı olan casuslar hər vəchlə ölkəmizdəki quruluşa xələl vurmaq üçün bütün riyakar əməllərə əl atırlar. Söz yox ki, belələrinin qarşısı daha əvvəllər də alınıb, bundan sonra da alınacaq. Ancaq son proseslər göstərdi ki, artıq bundan sonra bütün kartlar açığa çıxıb və dövlətimizin maraqlarına qarşı yarana biləcək təhdidlərin qarşısı daha sərrast addımlarla alınacaq, uğursuzluğa düçar ediləcək.

Özünüməhvə getməkdənsə öz hüquq və azadlıqlarını tələb edən Cənubi Azərbaycandakı soydaşlarımız öz mübarizə vasitələrini gücləndirirlər

Bu gün İran adlı ölkənin ərazisində 35 milyondan çox soydaşlarımız yaşayır və onların hüquq və azadlıqlarına qarşı hədsiz məhdudiyyətlər qoyulur. Bu barədə dəfələrlə yazılıb və deyilib. Onda Cənubi Azərbaycan ərazilərində yaşayan azərbaycanlıların da öz milli azadlıq hərəkatlarını yaradaraq Cənubi Azərbaycan Cümhuriyyəti elan etmələrinə istər beynəlxalq hüquq, istərsə də digər faktorlar cəhətindən haqları çatır. Söz yox ki, onların bu kimi ali məqsədləri bütün dünya azərbaycanlıları, habelə böyük Türk Dünyası tərəfindən də dəstəklənir. Əgər azərbaycanlılarımız Arazın o tayında fars şovinizminin mollakratiya siyasəti nəticəsində əzilirsə, əgər soydaşlarımız ardıcıl olaraq təhqirlərə, təzyiqlərə, təqiblərə, ölüm hökmlərinə məruz qalırlarsa təbii ki, bütün bunlara qarşı susqun qalmağın özü millət olaraq öz xoşu ilə məhvə getmək anlamını daşıya bilər. Ona görə də özünüməhvə getməkdənsə öz hüquq və azadlıqlarını tələb edən Cənubi Azərbaycandakı soydaşlarımız öz mübarizə vasitələrini gücləndirirlər.

Milli əqidə, milli ruh, azadlıq, əzəli torpaq uğrundakı mübarizənin qarşısını heç bir qüvvə ala bilməz!

Bütün bunların müqabilində isə İranın bəlli dairələri hər imkanlarında buradakı casus şəbəkələrini genişləndirməyə, “beşinci kolon” adlandırılan emissarlarını təlimatlandırmağa çalışırlar. Lakin bu cəhdlərin özü də necə deyərlər, son nəfəs verməyə daha çox oxşayır. Çünki milli əqidə, milli ruh, azadlıq, əzəli torpaq uğrundakı mübarizənin qarşısını heç bir qüvvə ala bilməz. Dünya Azərbaycan xalqındakı bu ruhu 44 günlük İkinci Qarabağ müharibəsində gördü, şahidi oldu. Yəni fakt budur ki, nəinki Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar, bütün dünyada yaşayan və bayrağımızı uca tutan Azərbaycan xalqı bu dönməz ruha malikdir, o cümlədən, öz haqları uğrunda bayraq qaldıran Cənubi Azərbaycandakı soydaşlarımız da daxil olmaqla!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə