2020-ci ilin 44 günlük Vətən Müharibəsindən bizləri iki illik zaman kəsiyi ayırır. Lakin ötən il olduğu kimi, bu il də müharibənin başlandığı gündən sona çatdığı günədək hərgünkü xronikanı yenidən yaşayır, həmin günlərə qayıdır, hadisələrin fonunda 30 il sonra torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdığımızı, böyük bir yol keçərək Böyük Zəfərə imza atdığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi məmnuniyyət hissi ilə xatırlayırıq.
44 gün... Tariximizin şanlı səhifələrinə qırmızı xətlə yazılan həmin günlər bizi Böyük Qələbəyə aparan günlər idi. Müharibənin ilk günündən-27 sentyabrdan böyük itkilər versək də, övladlarımızı itirsək də, onlar şəhidlik zirvəsinə yüksələrək oradanbizə qələbənin yaxında olacağını diqtə edirdilər. Bəli, Böyük Zəfərə hər gün bir addın yaxınlaşırdıq... Bunu görən düşmən isə əsl xislətini göstərməyə çalışırdı. Artıq bizim Suqovuşan, Zəngilan, Füzuli, Qubadlı, Xudafərin kimi qələbələrimiz nankor erməninin acımasız hirsinə səbəb olmuşdu. Bu səbəbdən də o, həm diqqəti yayındırmaq, həm də acığını çıxmaq üçün müharibə meydanından çox uzaqlara əl atır, dinc əhalini hədəfə almaqla əsl xislətini ortaya qoyurdu. Beləliklə 44 günün 2-si Bərdənin taleyinəyazıldı...
Bərdə: iki gün mərmi yağışı...
Bərdə müharibənin 31 və 32-ci günləri ağır günlərini yaşadı. Bu qədim və gözəl diyarın dinc sakinləri mərmi yağışına məruz qaldılar. Şəhərləri düşmən paketinə tuş gəldi. Günahsız insanlar həyatlarını itirdilər, ağır yaralandılar. Bərdəlilər bunu gözləmirdilər desək, yanılmış olarıq. Çünki müharibənin geridə qalan 30 günündə ermənilər müharibə meydanından kənarda olan Tərtəri bombalamışdı, Gəncəyə paket atmışdı. Bu bölgələrimizdə də saysız sayda insanların həyatlarını itirmələrinə və yaralanmalarına, bu yerlərin çoxsaylı dağıntılara məruz qalmasına səbəb olmuşdular. Bütün bunları isə 44 günün hər anını, dəqiqəsini dördgözlə izləyən dünya görürdü, lakin səsini çıxaranlar səsi batanlardan dəfələrlə az idi. 20 Yanvar, Xocalı faciələri kimi, tanış susqunluq və durğunluq yenidən gündəmdə idi. Heç kim ermənini yerində oturtmağa çalışmırdı və demirdi ki, sən müharibə bölgəsindən nə üçün uzaqlaşırsan, nə üçün dinc əhaliyə qarşı azğınlıq nümayiş etdirirsən? Axı Azərbaycan onların etdiyi hərəkətə bənzər bircə hərəkət belə etməmişdi və etməyəcəkdi. Çünki bizim dövlətimizin başçısı, Ali Baş Komandanımız həmişə xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində bildirirdi ki, biz öz ərazimizdə, öz torpaqlarımız üçün döyüşürük.
Bəli, 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirirdi. Oktyabrın 27 və 28-dəisə iki gün ard-arda onlar Bərdəni hədəfə almışdı. Oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə paket hucumu nəticəsində 5 nəfər dünyasını dəyişdi. Oktyabrın 28-də isə Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.
Gəncəlilər kimi, bərdəlilər də...
Düşmənin Bərdəni iki gün hədəf alması müharibə bölgəsində olan əsgərlərimizin diqqətini heç də ayıra bilmədi. Əksinə onların hər dəfə bu cür hərəkətləri ordumuzun əsgərinə yeni bir qisas hissi bəxş edir, bu hadisələrin cavabının bir-bir düşməndən alınmasına stimul yaradırdı. Beləliklə, oktyabrın 27 və 28-də baş verən Bərdə hadisələri düşmənin nankorluğunu, acgözlüyünü, yoxsul xislətini ortya qoyurdusa, azərbaycanlıların bu kimi hadisələrə böyük səbrlə, dəyanətlə yanaşdığını bəyan edirdi. Bütün dünya kənardan müharibənin hər iki tərəfini izləməklə onların qiymətini verir, eyni zamanda gücünü də görürdü.
Bərdə hadisələrindən əvvəl baş verən Gəncə hadisələri necə ki, gəncəliləri bir addım da olsa geri çəkilməsinə, onlarda mənəvi cəhətdən sınmaya təsir edə bilmədi, bərdəlilər də eynilə... Onlar da gəncəlilər kimi mərd, məğrur dayandılar. Müharibə gedən ölkədə bu kimi hadisələrin baş verməsinin ola biləcəyini, bunu gözlədiklərini bildirdilər. Əzizlərinin heç bir günahı olmadan həyatlarını itirmələri onlar üçün acı olsa da, torpaqlarımızın azadlığının şirinliyini yaşamaq üçün bütün bunlara sinə gərməyi bacardılar. Dağıdılan ərazilərin dövlətimiz tərəfindən bərpa olunacağını əvvəlki illərdəki hadisələr zamanı görən insanlar bu dəfə də dövlətimizin gücünü hiss edərək ona güvəndilər. Güvənməkdə də yanılmadılar. Hələ müharibənin bitməsinə günlərin qalmasına baxmayaraq dağıdılan ərazilərimizdə bərpa işləri başlanmışdı.
Bütün xalq Zəfərə doğru yolçuluğa çıxmışdı. Bütün insanlar müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Uşaqlı-böyüklü, cavanlı-qacalı hər kəs döyüş meydanına yollanmağa, döyüşməyə, torpaqlarımızın azad olunmasına cəhd göstəriridi. Onları nə evlərinin, həyət-bacalarının, şəhər,kəndlərinin raketlə vurulması, nə də açılan sabahın sonunda gecələyəcəklərin evin olmaması qorxudurdu. Çünki bu xalqın səbri artıq kasasını aşmışdı. Erməni faşizminə son qoyulmalı idi. Torpaqlarımız anası Azərbaycana qaytarılmalı idi. Bu xalqın əsrlərdən gələn mentaliteti-torpağın namus, şərəf məsələsi olmaq kimi dəyəri bərpa olunmalı idi. Bunun üçün bütün əzab-əziyyətə sinə gərməyi hər kəs qarşısına məqsəd qoymuşdu. Məqsədə çatmağa isə sayılı günlər qalırdı...
Zəfərimiz bütün dərdlərimizin dərmanı oldu
Bərdə hadisələrindən sonra artıq Böyük Zəfərə əlimizi uzatmaqla çata bilərdik. Hər gün cəbhədən gələn qələbə xəbərləri Cəncədə, Bərdədə, Tərtərdə dağıdılan əraziləri gözlərimiz önündə qururdu, yaradırdı, əvvəlki vəziyyətinə gətirib çıxarırdı. Bu bir-birindən şad xəbərlər bölgələrimizdə dağıdılan evləri bərpa edirdi, pəncərələrindən işıq süzülürdü ətrafa. Onlar boş, viaranə deyildilər. Sakinləri içəridə idi. Deyir-gülür, televizor qarşısında cəbhədən xəbərləri dinləyirdilər.
Heç bir qüvvə, heç bir hadisə Qarabağ uğrunda gedən müharibəyə, bu müharibənin qələbəsini anbaan gözləyən insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilməzdi. İnsanlar Qarabağa qayıtmağa, həmin torpaqlarda əzizlərinin qəbirlərini ziyarət etməyə, bağlı qapıları açmağa, çığırları, yolları itmiş evlərinə öz duyğuları, hissləri ilə çatmağa tələsirdilər.
30 il öncə bu torpaqlardan zorla qovulmuş didərgin insanların öz yurdlarına qayıdacaqlarını xəyal edirdilər. Didərginlikdə “torpaq-torpaq” deyib dünyasını dəyişən insanların ruhlarının şad olacağını düşünürdülər. 30 illik yükün bütün xalqın üzərindən götürüləcəyini, “işğal” kimi ağır sözün acısının bal kimi “azadlıq” sözü ilə əvəzləşəcəyini fikirləşirdilər. Ən əsası isə namus, şərəf məsələmizin həll olunacağını düşünürdülər.
Bütün bu istək və arzuların reallığa qovuşmasınaisə sayılı günlər qalırdı. Düşmən hər gün hərbi texnikasını, canlı qüvvəsini itirməklətorpaqlarımızdan geri çəkilir, torpaqlarımız milli ordumuzun nəzarətinə keçirdi. Deməli, qələbəni bizəyaxınlaşdırırdı. Və nəhayət, gözlədiyimiz həmin günü görmək bizlərə nəsib oldu. Noyabrın 10-da bu şad xəbəri 44 gündə bütün qələbə xəbərləri kimi yenə də dövlətimizin başçısından aldıq. Zəfər xəbərinialdıq. Cəmi 44 gün çəkən müharibə bitdi. Düşmən qarşımızda ağ bayraqla təslim olduğunu bildirdi.
Qarabağ 30 ildən sonra azad oldu. Ərazi bütövlüyümüz bərpa olundu. Bütün bunlar üçün illərdən bəri böyük işlər həyata keçirən, bir gün torpqlarımızın azad olunacağını bütün çıxışlarında, xalqa müraciətlərində bəyan edən və verdiyi sözü bizlər üçün reallığa çevirən dövlətimizin başçısına minnətdarıq. Ata vəsiyyətini gerçəkləşdiriən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali BaşKomandanımıza minnətdarıq.
Canı, qanı, həyatı bahasına bu qələbəni bizə yaşadan yüzlərlə şəhidimizə, qazimizə minnətdarıq. Onlar Qarabağı bizə yenidən bəxş edənlərdir. Lakin özləri Qarabağdan doymamış bu dünyadan köçməli oldular.
Zəfər tariximiz qürur tariximizdir. Hər il bax beləcə vərəqləyəcəyimiz, təhlil edəcəyimiz, anıb xatırlayacağımız, gələcək nəsillərə ərmağan edəcəyimiz bir tarixdir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Nə yaxşı ki, var idilər. Nə yaxşı ki, analarımız belə oğullar doğubmuşlar. Atalarımız beləövladlar tərbiyə edibmişlər. Onlar bu xalqın milli sərvətidir. Namusu, şərəfidir...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB