“İki ölkənin strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib“ - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan və Gürcüstan arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu gün hər iki xalq bir çox səhələr üzrə çox uğurla əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstan və Azərbaycan rəhbərləri mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxundular. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Burada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Öz növbəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. Vaxtilə Tbilisidə olanda Heydər Əliyev demişdi ki, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız bu təmasları yaradıb və bu gün həmin əməkdaşlığı irəli aparmaq, gələcək nəsillərə ötürmək də, bizim öhdəmizə düşür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Ölkə başçısının Gürcüstana səfəri strateji əlaqələrin yeni mərhələyə qədəm qoymasını göstərir. Çünki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir mövqedən öz maraqlarını təmin etməsinə imkan verir. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər.
Deputat diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi qiymətləndirilir. Bu nəhəng layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar cəlb edilir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı ölkəmizin bölgədə nüfuzunu daha da gücləndirir. Bu birlik və həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Regional əməkdaşlığın aparıcı qüvvələri olan Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq əməkdaşlıqda da öz sözlərini deyir, ölkələrimizin möhkəm təmələ əsaslanan əlaqələrini daha da sarsılmaz edir. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB