"Azərbaycan-Gürcüstan əməkdaşlığı indiki şəraitdə əhəmiyyətli bir mərhələyə çıxır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikası Prezidentinin Gürcüstana səfəri, müzakirə olunan məsələlər və əldə olunmuş razılaşmalar iki ölkənin münasibətlərində yeni mərhələdir. Eyni zamanda, artıq strateji tərəfdaşlığın həqiqətən də müttəfiqliyə çevrilməsinin əlamətləri aşkar şəkildə ortadadır. Çünki bəzi xırda məsələlər istisna olmaqla bu gün həqiqətən Gürcüstanla Azərbaycanın arasında çoxşaxəli və dərinləşməkdə olan dinamik xarakterli əməkdaşlıq var. Xüsusilə də Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında çox önəmli bir mövqedə yerləşməsi, eləcə də Gürcüstanın da dediyimiz bölgədə əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanı və Gürcüstanı bir-birinə təbii şəkildə müttəfiq edib. Azərbaycan Prezidentinin də çox haqlı olaraq dediyi kimi bu gün dünyanın ehtiyacları xüsusilə də enerji daşıyıcılarına olan ehtiyaclar Azərbaycan və Gürcüstanın arasında müttəfiqliyin təbii olaraq dərinləşdirilməsini tələb edib və yeni əməkdaşlıq istiqamətlərini qaçılmaz bir səviyyəyə çıxardır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu səfərdə Azərbaycan, Ermənistan, Gürcüstan formatında yeni bir əməkdaşlıq ideyasının irəli sürülməsi də diqqət çəkən faktdır: "Düzdür, bundan əvvəl Azərbaycan bölgəmizin dövlətlərini, 3 əsas Qafqaz dövlətini və 3 qonşu ölkəni əhatə edən altılıq formatının da təşəbbüskarlarından biri olmuşdur. Lakin bir halda Gürcüstan-Rusiya münasibətlərinin gərgin olması, o biri halda Azərbaycan-Ermənistan münasibətlərinin gərginliyi bu formatın reallaşmasına imkan vermədi. Belə şəraitdə Azərbaycan çox haqlı və çevik bir şəkildə yeni ideya ortaya qoydu ki, bu da Azərbaycan, Ermənistan, Gürcüstan əməkdaşlıq formatıdır. Əgər bu formatın verdiyi imkanlara Azərbaycan qədər Ermənistan da həssas yanaşa bilsə, həm bölgəmizdə sülhün bərqərar olma prosesi tezləşər, həm də həqiqətən Mərkəzi Asiya ilə Avropanın arasında çox önəmli rol oynayan Azərbaycan-Gürcüstan körpüsü daha real nəticələr verməyə başlayar. Amma sözün açığı bu formatın da reallaşmasının məhz Ermənistanın pozucu mövqeyi üzündən baş tutacağı o qədər də inandırıcı görsənmir".
Aydın QUliyev sözlərinə belə davam edib: "Bundan başqa, səfər zamanı Azərbaycanın enerji daşıyıcılarının dünyanın indiki tələbatının artımı şəraitində yeni səviyyələrdə ixracın reallaşması və bu ixrac reallaşmasında Azərbaycan -Gürcüstan əməkdaşlığının yeni perspektivləri müəyyən olundu. Haqlı olaraq qeyd olundu ki, Azərbaycanın indiyə qədər Gürcüstanla yaxşı münasibətlərdə olması və işgüzar əməkdaşlıq qurması hər iki ölkənin nəqliyyat infrastrukturlarının geniş şəkildə əlaqələndirilməsinə və istifadəsinə imkan verib. Ancaq buna baxmayaraq dünyanın indiki enerjiyə olan tələbatlarının artması, Rusiya enerjisinin Avropada bazarlarının demək olar ki, sıfıra yenməsi Azərbaycan enerji daşıyıcılarının qərbə çatdırılmasında Gürcüstanın rolunu önəmli dərəcədə artırır. Yəni, əslində bu təkcə Azərbaycan üçün önəmli deyil. Bu əməkdaşlıq Gürcüstanın özü üçün də olduqca vacibdir və bütün parametrlərə görə bu gün Azərbaycan-Ermənistan, Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin Azərbaycan qədər Gürcüstanın özü üçün də böyük önəmi var. Ona görə ki, Gürcüstan da qərb inteqrasiyasına meyllidir, qərbin siyasi inteqrasiya layihələrində fəal iştirak etmək istəyir, eyni zamanda qərbin enerji sisteminin bir parçası olmağa can atır ki, bunu da Azərbaycanın köməyi olmadan həyata keçirmək praktik şəkildə mümkünsüzdür.
Azərbaycanın Xəzər dənizindəki infrastrukturlardan eləcə də neft-qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə məsələsində Gürcüstanla əməkdaşlıqda yeni perspektivlərin açılması da bu səfər zamanı geniş şəkildə vurğulandı.
Hesab etmək olar ki, Gürcüstan tərəfi də indiki şəraitdə Azərbaycanın enerji daşıyıcılarına qərbdə tələbatın son dərəcə artması fikri ilə razıdır və bu ideyanın reallaşdırılmasında Gürcüstanın önəmli rol oynaya biləcəyini anlayırlar. Sadəcə burada çox incə bir məsələ var. Bu da ondan ibarətdir ki, Gürcüstan da ən az Azərbaycan qədər Ermənistanın bölgədəki pozucu və antisülh fəaliyyətlərindən narahat olmalı və bunların qarşısını almaq üçün ortaya real çabalar qoymalıdır. Ona görə ki, nə qədər ki Ermənistanın pozuculuğu davam edir, nə qədər ki bölgədə möhkəm sülh bərqərar olunmayıb bu bölgədə Azərbaycan-Gürcüstan Bu bölgədə Azərbaycan-Gürcüstan əməkdaşlığının da lazımi effekti verəcəyini tam şəkildə gözləmək bir qədər çətindir.
Bir sözlə, Azərbaycan-Gürcüstan əməkdaşlığı indiki şəraitdə əhəmiyyətli bir mərhələyə çıxır və Rusiyanın müəyyən hakimiyyət strukturlarından Azərbaycanın mənafelərinə qarşı atılan addımlar bu əməkdaşlığı müəyyən qədər gücləndirməklə bərabər eyni zamanda Azərbaycan-Gürcüstan əməkdaşlığının müəyyən sınaq və imtahan altına da soxur. Bu təhlükənin sonunun isə necə olacağını isə yaşayıb görəcəyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB