Qubadlının azad olunması Zəfər tariximizin şanlı səhifələrindəndir ŞƏRH

Qubadlının azad olunması Zəfər tariximizin şanlı səhifələrindəndir ŞƏRH

Qələbə ilə başa çatan 44 günlük şanlı Zəfər tarixindən artıq iki ilə yaxın zaman ötür. “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ savaşı Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. 2020-ci ilin sentybarın 27-də başlanan başlanan Zəfər tariximizin 29-cu günü Qubadlının azad olunması ilə nəticələndi.Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Zəngilan şəhərinin işğaldan azad edilməsi Qubadlının azad olunmasına aparan yolun başlanğıcı oldu. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi. Qorxubilməz Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq geri çəkilən düşmən qaçarkən belə öz çirkin əməllərindən geri qalmır, yollarda müxtəlif maneələr qurur, körpülərin əsas hissələrini partladır və bir çox yollarda dağıntılar törədirdi. Lakin bütün bunlara baxmayaraq Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkmişdi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. 44 gün davam edən Vətən müharibəsinin 29-cu günü işğal altında olan Qubadlı şəhəri düşmən tapdağından azad olundu. Qarabağ müharibəsi şəhidlərinin, əsir götürülən insanların, uzun illərdir həsrət içində yaşayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev oktyabrın 25-də özünün “Twitter” hesabından elan etdi. Oktyabrın 26-da isə dövlət başçısı İlham Əliyev xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.Bununla əlaqədar Cənab Prezient İlham Əliyevin sərəncamına əsasən 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 nəfər hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi olaraq yazılan bu savaşda hər kvadrat millimetr torpağımızın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan hərbçiləri heç bir tərəddüd etmədən, canı bahasına olsa belə ancaq irəli gedir, qəhrəmanlıq və şücaətləri ilə hərbi əməliyyatları qısa zaman ərzində icra edirdilər. Vaxtilə işğal altında olan torpaqlarımızın düşməndən azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlara ərazinin coğrafi mövqeyi də ciddi təsir göstərirdi. Cənab Ali Baş Komandan İlham Əliyevin Qubadlıya ilk səfəri zamanı şəhərin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə əsgərlərimizin şücaətini, cəsurluğunu vurğulayaraq bildirmişdir ki, “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib”. Müzəffər Ali Baş Komandan çıxışlarında, ictimaiyyətlə görüşlərində, xarici media müsahibələrində müharibə iştirakçılarının, qəhrəmanlarının, bir sözlə müharibədə əməyi keçən hər kəsin igidliyini, vətənpərvərliyini, şücaətini, hünərini hər zaman xüsusi olaraq qeyd edir. Eyni zamanda ölkə başçımız şəhidlərin xatirəsini əziz tutur, şəhid ailələrinə və Vətən yolunda sağlamlığını itirən igidlərə xüsusi qayğı və diqqət göstərir.

Aytəkin Əhmədova

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə