"Prezidentin səfərləri “Böyük Qayıdış”ı sürətləndirəcək" - DEPUTAT ŞƏRH ETDİ

"Prezidentin səfərləri “Böyük Qayıdış”ı sürətləndirəcək" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Qubadlı rayonlarına səfərləri yaddaqalan oldu. Dövlətimizin başçısı Şükürbəyli–Cəbrayıl yolunun açılışında, rayon ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanışlıq tədbirində iştirak ediblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, həmçinin dövlətimizin başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub: “Prezident Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər. Göründüyü kimi Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgəyə səfəri çox uğurlu olub.

Məcburi köçkünlərin qayıdışını tezləşdirmək, minlərlə soydaşımızın yurd həsrətinə son qoymaq üçün dövlətimiz bütün imkanları səfərbər edib. Dövlətimizin yol infrastrukturu ilə yanaşı, əhalini hər şeydən əvvəl elektrik enerjisi ilə təmin etmək planı təqdirəlayiqdir. Rayonlar arasında və yenidən qurulacaq iri yaşayış məntəqələrinə gedən yolların dünya standartlarına uyğun çəkilişi, əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı dövlətimizin prioritet məsələlərindəndir. Şərqi Zəngəzura, Qarabağa qayıdan Azərbaycan vətəndaşları burada heç bir sosial problem olmadan yaşaya biləcəklər. Bir sözlə, dövlətimiz bura köçəcək əhalinin qarşılaşa biləcəyi problemləri əvvəlcədən həll etməyi qarşısına məqsəd qoyub və buna çalışır. Dövlət başçısı və birinci xanım da indiyədək görülən işlərin gedişatını ilə yerində tanış olmaq üçün mütəmadi olaraq Qarabağa və şərqi Zəngəzurun ayrı-ayrı bölgələrinə səfər edirlər. 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında görülən işlər, Qubadlıda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri və Qubadlı şəhərinin Baş planı ilə tanışlıqda məqsəd bölgənin inkişafına səbəb olacaq infrastruktur layihələrin vaxtında və itkisiz həyata keçirilməsidir.

Bu gün dünya siyasi arenasında Azərbaycanın adı qurucu və sülhsevər dövlət kimi çəkilir. Halbuki, Ermənistan 30 il ərzində ələ keçirdiyi bu torpaqlarda yalnız qanunsuz işlərlə məşğul olub. Baxmayaraq ki, Qarabağ və ətraf rayonlar “de-yure” Azərbaycanın ərazisi idi, amma “de-fakto” bu ərazilər rəsmi İrəvanın himayə etdiyi separatçıların əlində olduğu üçün bura heç bir beynəlxalq təşkilat moniqorinq üçün ayaq basa bilmirdi. Bundan da istifadə edən ermənilər Qarabağda bütün qanunsuz işlərini görürdülər. Narkotik bitkilərin yetişdirilməsi və xatici ölkələrə satılması, qanunsuz insan alveri, silah ticarəti, Ermənistanın “Cinah müqaviləsi”ndən gizlətdiyi silah və hərbi texnikanın işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilməsi və digər qanunazidd əməllər bu gün də ermənilərin ayağındadır. Hələ heç bir beynəlxalq təşkilat Ermənistanın ərazilərimizdə qanunsuz əməlləri barədə araşdırma aparmayıb, hesabat hazırlamayıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə