"İranın Ermənistanın siyasətinə dəstək verməsi olduqca absurddur" - MÜNASİBƏT BİLDİRİLDİ

"İranın Ermənistanın siyasətinə dəstək verməsi olduqca absurddur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda suveren hüquqlarının və mövqeyinin möhkəmləndirilməsi yönümündə ardıcıl və intensiv addımlar atdığı bir şəraitdə İranın sərhəd bölgələrində şübhəli hərəkətləri, pozucu manevrləri diqqət cəlb edən hadisəyə və fakta çevrilir. Bəllidir ki, bütün dünya və mütərəqqi qüvvələr Azərbaycanın Şərqi Zəngəzurda və Qarabağda həyata keçirdiyi bərpa işlərini, infrastrukturların yaradılmasını, təhlükəsizlik strukturlarının qurulmasını, ölkənin suveren hüquqlarının nümunəsi kimi qəbul edir və dəstəkləyirlər. Ancaq belə bir şəraitdə İran sərhədlərdə xoş olmayan məram nümayiş etdirir. Elə Azərbaycan-İran sərhədində İranın keçirdiyi hərbi təlimlər (hansı ki, buna heç bir hərbi zərurət yoxdur) buna sübutdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həmin təlimlərin hücum xarakterli təlimlər olması da diqqətçəkən faktordur və bu, bir daha nümayiş etdirir ki, İranın keçirdiyi bu hərbi təlimlər ölkənin nə təhlükəsizlik mənafelərinə uyğundur, nə ölkənin müdafiə zərurətindən əmələ gəlir: "Sadəcə, bunlar bölgədə yaranmış yeni reallıqların qarşısını almaq və gələcəkdə hansısa mifik hücumlara hazırlaşmaq məqsədi daşıyır ki, bu da heç bir halda xoş niyyətin təzahürü sayıla bilməz.

Bütün bunlar sübut edir ki, İranın bölgədə yaranmış olan reallıqlara münasibəti və siyasəti Vətən müharibəsindən əvvəlki dövrlərlə müqayisədə heç də dəyişməyib və onun başqa formalarda davamıdır. Necə ki, Vətən müharibəsindən qabaq İran Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əleyhinə və təcavüzkarın mövqeyinin gücləndirilməsi xeyrinə siyasət aparırdı, əslində Azərbaycanın torpaqlarının azad edilməsinə yox, bu qeyri-rəsmi işğalın legitimləşdirilməsinə dolayı dəstək verirdi, eynilə də o niyyətli siyasəti Vətən müharibəsindən sonra aparır. Yəni, əgər bu gün müharibədən sonra bölgədə normallaşma proseslərinin getməsi, Ermənistan -Azərbaycan sərhədlərinin delimitasiya olunması və Azərbaycanla Ermənistanın arasında sülh sazişinin imzalanmasına dəstək verməyin əvəzinə tam pozucu fəaliyyət göstərməsi, Ermənistanın siyasətinə bu və digər formada dəstək verməsi olduqca absurddur və bölgədəki sülhün təhlükəsizliyinin mənafelərinə cavab vermir".

Aydın Quliyev sözlərinə belə davam edib: "Heç cürə başa düşmək olmur ki, Azərbaycanın azad olunmuş Zəngilan bölgəsində Beynəlxalq Hava Limanının açılışının səhərisi günü İranın Ermənistanın Qafan şəhərində baş konsulluq açması nə ilə bağlıdır?! Bu hadisələrin dalbadal zaman içində baş verməsi fikrimcə təsadüf deyil və yaxud da ki, İranın Xarici İşlər Nazirinin Yerevanda Ermənistanın Xarici İşlər Nazirliyi ilə görüşdən sonra brifinqdə səsləndirdiyi fikirlər də Azərbaycanın mənafeləri və mehriban qonşuluq mənafeləri baxımından öz dağıdıcı roluyla seçilir.

Necə başa düşmək olar ki, Ermənistandakı həmin mətbuat konfransında Ermənistanın xarici işlər naziri guya Azərbaycanın sentyabr ayının 12-dən 14-nə qədər Ermənistanın ərazisinə müdaxilə etməsi, guya Ermənistanın suveren ərazilərini işğal etməsi, guya hazırda da Azərbaycanın Ermənistanın torpaqlarında ordu saxlaması kimi bir fikir səsləndirməyindən sonra İranın Xarici İşlər nazirinin deməsi ki, "Biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik". Bu olduqca absurd bir yanaşmadır. Çünki sual yaranır ki, İran rəhbərliyi və İran dövləti Ermənistanın ərazi bütövlüyünü kimlər və hansı təhlükədən qoruyur?! Əcəba bu gün Ermənistanın ərazi bütövlüyü üçün harada, kimlə təhlükə yaranıb ki, İran Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib?! Çünki heç kim Ermənistandan ərazi qoparmaq, heç kim Ermənistanın ərazi bütövlüyünü pozmaq fikrində deyil. Beləcə İran rəsmilərinin Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı intensiv bəyanatlar səsləndirməsi xoş niyyətin təzahürü deyil. Bunlar bölgədə yaranmış olan kövrək sülh vəziyyətinin pozulmasına xidmət edən addımlardır. Buna görə də bütün məsuliyyət İran dövlətinin və hökumətinin üzərinə düşür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə