“Ermənistanın Aİ-yə müraciəti Rusiyada narazılıq yaradıb” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya getməyə iqtidarı olan dövlət deyil. 44 günlük müharibə dövlətlərin gerçək imkanları ilə bağlı məsələlərə kifayət qədər aydınlıq gətirdi”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun illik maliyyə məsrəfləri Ermənistan tərəfinin dövlət büdcəsindən ən azı üç dəfə çoxdur: “Digər tərəfdən Ermənistan təcavüz edən tərəf, Azərbaycan isə haqqı müdafiə edən tərəf olduğundan bu psixoloji faktor orduların da ovqatına, əhval-ruhiyyəsinə ciddi təsir edir. Azərbaycanın iqtisadi gücü Ermənistanla müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdir. Birinci Qarabağ müharibəsində Ermənistanın informasiya müharibəsində üstünlüyü artıq aradan qaldırılıb. Bölgənin lider dövləti də Azərbaycandır. Cənubi Qafqazın ÜDM-nun 75%-i Azərbaycanın payına düşür. Qərb dövlətlərinin Ermənistanın həyata keçirdiyi siyasətə havadarlıq etmələrinə, xristian təəsübkeşliyi nümayiş etdirmələrinə baxmayaraq beynəlxalq hüquq da bizimlədir. O ki, qaldı erməni tərəfinin qeyri-konstruktivliyinə, onun hərəkətləri daha çox xaricdəki erməni diasporası, lobbisi, Qərb dövlətlərinin bəlli dairələri tərəfindən istiqamətləndirilir. Aİ və Fransa Rusiyanı vasitəçilikdən uzaqlaşdırmağa çalışır, danışıqlarda vasitəçilik etməyə cəhd edirlər”.
E.Manafov onu da bildirib ki, Aİ-nin Ermənistanın Azərbaycanla təmas xəttinə mülki şəxslərdən ibarət komissiya yerləşdirməsi Rusiyanı bölgədən uzaqlaşdırmaq məqsədlərindən irəli gəlir: “Bu şəraitdə Ermənistanın gerçək siyasətinin əsl mahiyyətini ifşa etmək, Aİ ilə münasibətləri qarşılıqlı etimad müstəvisi üzərində saxlamaq, Rusiyanın Azərbaycanla münasibətlərdə problemlər yaratmaq istəyindən kənarda saxlamaq məqsədi ilə Azərbaycan Aİ-nın bu təklifinə anlaşıqlı tərzdə yanaşımışdır. Ermənistanın Aİ-yə ünvanlanmış müraciətinin Rusiyada qıcıq və narazılıq yaratdığı bəllidir. Azərbaycan iqtidarı da bu dövlətlərin münasibətlərində çatın yaranması və dərinləşməsi üçün var gücü ilə çalışır. Ermənistan Azərbaycanla həmsərhəd bölgəyə ordu yerləşdirməklə əslində militarizmə meylli olmadığını göstərir, bu isə perspektivdə onun növbəti dəfə dəmir yumruqla üzbəüz qalacağını söyləməyə əsas verir. Məhz Aİ, Fransanın dəstəyinə arxalanaraq Ermənistan Moskva razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB