Füzulinin azad olunması tariximizə qızıl hərflərlə yazılıb ŞƏRH

Füzulinin azad olunması tariximizə qızıl hərflərlə yazılıb ŞƏRH

Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun düşmənə vurduğu ağır zərbələr nəticəsində oktyabr ayının 17-də Füzuli şəhəri daxil olmaqla rayonun 7 kəndi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Bu tarixi günə nəzər salarkən, deyə bilərik ki, Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Çünki bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam və müdafiə xətlərinin olduğu bir ərazi idi. Məhz bu səbəbdən də Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu və Azərbaycan Ordusunun daha da qətiyyətlə irəliləməsi ilə nəticələndi.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin böyük bir qisminə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Füzulinin tarixində 17 oktyabr qədər digər əlamətdar tarix isə 2020-ci ilin 16 noyabr təqvimi oldu. Məhz həmin tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda ilk dəfə səfərdə olmuş, Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaltmış, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoymuşdu. Ölkə başçısı ümumilikdə 9 dəfə Füzuli rayonuna səfər etmiş və bu səfərlər zamanı çoxsaylı obyektlərin təməli qoyulmuş, eyni zamanda, açılış mərasimləri baş tutmuşdur. Bu obyektlərdən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini xüsusilə qeyd etmək olar. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir.Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub. Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə