Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verəcək unikal platforma TƏHLİL

Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verəcək unikal platforma TƏHLİL

Prezident İlham Əliyev: "Birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır"

Paytaxtımızda - Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild" və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgilərini bir araya gətirən Xəzər İnşaat Həftəsi keçirilir. Sərgi - Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərgi bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platformadır. Məqsəd müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" "Rebuild Karabakh" Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına məktub ünvanlayıb. "Builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir" - deyə məktubda bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub: "Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti - ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir".

"İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏR SÜRƏTLİ ŞƏKİLDƏ BƏRPA OLUNUR, BÖYÜK QAYIDIŞLA BAĞLI HƏDƏFLƏRİMİZ UĞURLA REALLAŞDIRILIR"

Dövlətimizin başçısı qeyd edib ki, postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir: "Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır".
Məktubda o da bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət-özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafınqorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan "Rebuild Karabakh" Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaqdır: "Sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edirəm. Əminəm ki, "Rebuild Karabakh" Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir".

SƏRGİ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏLƏRİNİN TİKİNTİ VƏ İNVESTİSİYA POTENSİALINI MÜZAKİRƏ OLUNACAQ

Rebuild Karabakh ilk dəfə ənənəvi Xəzər İnşaat Həftəsinin bir hissəsi olaraq 20–22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmişdir. Üç gün ərzində Xəzər İnşaat Həftəsinə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış olmuşdular. Ötən illə müqayisədə bu il sərgilərin ekspozisiyasında 10% artım müşahidə olunur. İnşaat Həftəsində dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İkinci dəfə keçirilən Rebuild Karabakh sərgisinə yeni şirkətlər qatılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır.
Vurğulayaq ki, 2022-ci ilin birinci yarısında əsas kapitala -binaların, infrastrukturun, sənaye obyektlərinin tikintisi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yönəldilən investisiyaların ümumi həcmi 1,76 milyard manat təşkil edib. Xarici podratçıları və investorları cəlb etməklə Qarabağ üçün investisiyaların həcmi xeyli arta bilər. Rebuild Karabakh sərgisinin əsas məqsədi də budur. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
Rebuild Karabakh sərgisinin işgüzar proqramı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tikinti və investisiya potensialını müzakirə etmək üçün yaxşı fürsət yaradacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə