Zəngilan iqtisadi potensialı ilə bölgənin inkişafına töhfə verəcək
Oktyabr ayı Azərbaycan xalqı üçün xüsusi məna ehtiva edən günlərlə zəngindir. 1991-ci ilin məhz bu ayında Azərbaycan tarixinin ən mühüm günlərindən biri - Dövlət müstəqilliyimizin bərpası baş tutmuşdur. SİA xəbər verir ki, 1993-cü ilin oktyabr ayında Ümummilli Liderimiz Heydər ƏliyevAzərbaycan Respublikasının Prezidenti seçilmişdir. Oktyabr ayı bu möhtəşəm günlərə şahidlik etməklə yanaşı təəssüf ki, tariximizin çətin günlərinə də şahid olmuşdur. 2020-ci ilə qədər 30 oktyabr tarixi- əzəli torpağımız Zəngilanın işğalı günü idi. Ancaq xoşbəxtlikdən 27 illik həsrətdən sonra 2020-ci ilin 20 oktyabr tarixində doğma Zəngilanımız düşmən tapdağından azad olundu. Təkcə Zəngilan yox Suqovuşan, Cəbrayıl, Hadrut, Füzuli, Qubadlı kimi böyük yaşayış məntəqələrimiz də məhz buayda öz azadlığına qovuşdu.
Zəngilanın işğaldan azad olunması Azərbaycan Ordusunun şücaəti, əzmi sayəsində mümkün olmuşdur. Şəhər uğrunda gedən döyüşlərdə şəhərin özü ilə yanaşı 4 qəsəbəsi və 49 kəndi işğaldan azad olunmuş, Mincivan qəsəbəsinin azad olunması ilə Azərbaycan - İran sərhədi bərpa olunmuşdur. Bu gün bu sərhədin qorunması Sərhəd qoşunlarımız vasitəsilə həyata keçirilir. Zəngilanla əlaqədar xüsusi olaraq vurğulamaq istədiyim nüanslardan biri də budur ki, Azərbaycan öz gücü hesabına Zəngilan şəhərini işğalçılardan təmizləməklə 12 noyabr 1993-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 884 saylı qətnaməni özü icra etmiş oldu. Bununla da 27 il kağız üzərində qalan ədalətnəhayət ölkəmiz tərəfindən bərpa olundu.
Zəngilan şəhəri Füzulinin azad olunmasından cəmi 3 gün sonra azad edildi. Zəngilanın azadlığından beş gün sonra isə Qubadlı şəhəri azad olundu. Bu qədər qısa müddətdə Ordumuzun belə sürətlə irəliləməsi və üç böyük şəhərimizi azad etməsi əlbəttə ki, təqdirə layiqdir. Bu onun sübutudur ki, Azərbaycan Ordusu əzəli torpaqları naminə qətiyyətlə, əzmlə, yorulmadan irəliləmiş düşməni qaçmağa, təslim olmağa, geri çəkilməyə məcbur etmişdir. Zəngilanın timsalında Azərbaycan əsgərinin, zabitinin gücü, vətənpərvərlik, cəsurluq, mərdlik nümunəsi bir daha ortaya qoyulmuşdur.
Onu da vurğulamaq zəruridir ki, Zəngilan coğrafi mövqeyi baxımından ölkəmiz üçün böyük əhəmiyyət daşıyan bölgələrimizdən biridir. İki ölkə ilə qonşu dəhlizlərə malik olan Zəngilan rayonu xarici ticarət üçün unikal imkanlara sahibdir. Rayonun tranzit nöqteyi-nəzərdən xüsusi özəlliklərə malik olması ölkəmiz üçünticarət münasibətlərinin daha da inkişafına töhfələr verə bilər. Tranzit əlaqələrdən bəhs edərkən tarixi 10 noyabr Bəyanatı ilə təyin olunmuş “Zəngəzur dəhlizi”ni qeyd etmədən keçmək əlbəttə ki, düzgün olmazdı. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Mustar Respublikasını birləşdirəcək dəhliz ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Sözügedən dəhliz həm də türk dünyasının birləşməsi üçün körpü rolunu oynayacaqdır ki, bu da onun əhəmiyyətini daha da artırır. Dəhlizin Azərbaycandan keçən hissəsinin təməli ötən il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuşdur. İki liderin bu tarixi hadisəyə birgə imza atması isə layihənin strateji əhəmiyyətinin ən bariz göstəricisidir. Hazırda Zəngilanı Naxçıvan MR ilə cəmi 40 kilometrlik dəhliz ayırır. Bu dəhlizin icrası yuxarıda sadalanan üstünlüklərlə yanaşı xalqımızın tarixi torpaqlarımıza qayıdışını da şərtləndirəcək mühüm bir amildir. Beləliklə, Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün həm də milli hədəfmahiyyəti daşıyır.
Yaxın günlərdə Zəngilanda daha bir vacib layihənin açılışı reallaşacaqdır. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda ikinci Beynəlxalq Hava Limanı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışının Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə reallaşması gözlənilir. Xatırlatmaq istərdim ki, aeroportun təməlqoyma mərasimi 2021-ci ilin aprel ayında keçirilmişdi. Şübhəsiz ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün xüsusi imkanlar yaradacaqdır. Beləliklə, uzun illər işğal altında qalan torpaqlarımız artıq bərpa edilir və yenidən qurulur. İnanırıq ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zərgəzurun hər bir nöqtəsinə həyat yenidən qayıdacaq və doğma yurdumuz köhnə əzəmətli günlərinə qovuşacaq.
Səməd Əhmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB