Azərbaycan Qırğızıstan əməkdaşlığının yeni inkişaf səhifəsi ŞƏRH

Azərbaycan Qırğızıstan əməkdaşlığının yeni inkişaf səhifəsi ŞƏRH

Azərbaycan və qırğız xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Azərbaycan-Qırğızıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.

Hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.Vətən müharibəsi dövründə isə Qırğızıstan dövləti, bütün qırğız xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir. Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.Azərbaycan və Qırğızıstan arasında münasibətlərin perspektivlərini cənab prezidentin dilindən daha aydın anlamaq olar: “İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulamaq istərdim. Qeyd edildiyi kimi, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, necə deyərlər, bizə kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək. Artıq deyildiyi kimi, Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu cür planlar əvvəllər də mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirilmişdi, 9 ay ərzində 60 faiz artım – bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir.”

Bu sözlərdən sonra əminliklə demək olar ki, iki dövlət arasında olan bu dostluq, qardaşlıq münasibətləri gələcək inkişafa yeni təkan verəcək. Qırğız və Azərbaycan xalqlı əsrlər boyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Biz, həm qarşılıqlı siyasi əlaqələri, həm də, iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində perspektivlər layiqincə dəyərləndiriləcək. Bütün istiqamətlərdə fəal əməkdaşlıq qurulacaq. Əminik ki, Azərbaycan və Qırğızıstan arasında müxtəlif sahələr üzrə təsis ediləcək bir sıra birgə mexanizmlər fəaliyyət göstərəcəkdir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçiriləcək.

Zahid Cəfərov

Yap Yasamal rayon “Z.Xəlilov küç. 23” (BDU) ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə