YAP-ın formalaşdırılması və güclənməsi beynəlxalq təcrübəyə əsaslanır ŞƏRH
Vətən, torpaq uğrunda mübarizə, onu qorumaq, uğrunda qan tökmək, can vermək amalı şərəfli, eyni zamanda müqəddəs missiyadır. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkədə cərəyan edən ictimai-siyasi hadisələr, xaos, anarxiya, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin güclənməsi yenidən Azərbaycanı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş, xain və məkrli Ermənistanın təcavüzkarlıq siyasətinə münbit zəmin yaratmışdır. Belə bir mürəkkəb və məşəqqətli sınaq dövründə xalqın düşdüyü çətin vəziyyətdən yalnız müdrik siyasətçi, ömrünü xalqına həsr edən dahi lider çıxarmaq iqtidarında idi. Məhz bu baxımdan xalqın talehinə biganə yanaşmayan Azərbaycan ziyalıları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək böyük strateq Heydər Əliyev şəxsiyyəti ətrafında cəmləşmək qərarına gəldilər. Nəticədə bu gün “91-lər”in müraciəti kimi müasir tariximizə yazılan Azərbaycanın 91 nəfər ziyalısının imzası ilə Nuhun diyarı-Naxçıvana, Dahi Öndər Heydər Əliyevə müraciət göndərilmiş, müdrik siyasətçinin xalqın taleyüklü, çətin məqamında siyasi təşkilata rəhbərlik etməsi xahiş edilmişdi. Xalq həmçinin yaxşı bilirdi ki, Ulu Öndər Heydər Əliyev belə bir mürəkkəb şəraitdə onları talehin naümid hökmünə əsla buraxmaz. Həmin zaman kəsiyində Azərbaycanda mövcud olan ictimai-siyasi şərait və cərəyan edən mürəkkəb hadisələr 1992-ci ilin noyabrın 21- də Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi. Zamanın ən öncül siyasi qüvvəsi olan bu partiya azadlıq duyğuları közərin xalqın sabaha, perspektivli gələcəyə olan inamını yenidən alovlandırdı.
Nəzərə alsaq ki, ölkəmizdə bütün sahələr üzrə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir vaxtda yaranan YAP-ın fəaliyyət imkanları da olduqca çətin idi. Müdriklər deyir ki, “dünən atdığın düzgün addım bu gün üçün hədiyyədir” Zaman Yeni Azərbaycan Partiyasının gənc olmasına baxmayaraq, mövcud çətinliklərin aradan qaldırılması yolunda bütün ağırlığı, məsuliyyəti daşımağa qadir olduğunu, həmçinin ölkə vətəndaşlarının partiyaya olan sonsuz inam və etimadında yanılmadığını bir daha sübut etdi. Xalqın yeganə və son ümid yeri olan Ulu Öndər Heydər Əliyevin siyasi meydana qayıdışı ilə Azərbaycan müstəqilliyini yenidən itirmək, ölkə isə vətəndaş müharibəsinə şahid olmaq təhlükəsindən xilas oldu. Xalq-Heydər Əliyev tandemi cəmiyyətdə dövlətimizin yenilməzliyinə böyük inam yaratmaqla bərabər, sülh, sabitlik, dirçəliş və dananıqlı inkişafa etibarlı zəmin formalaşdırdı. Ümumilikdə, 1993-2003-cü illər Azərbaycanda bütün sahələri ehtiva edən yeni inkişaf və intibah erasının başlanğıcı hesab olunur. Dahi şəxsiyyət Heydər Əliyev ölkə həyatında baş verən bütün problemlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların həllinə maksimum qüvvə və səy göstərirdi. Bu istiqamətdə reallaşdırılan tədbirlərin məntiqi davamı kimi, 1994-cü ildə Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli hesab edilən “Əsrin müqaviləsi” imzalanmış, habelə ulu öndərin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşıb. Bu dövrdə diqqətdə saxlanılan prioritet sahələrdən biri də hərbi uğursuzluqların aradan qaldırılması, torpaqlarımızı işğal edən düşmənin qarşısının qətiyyətlə alınması, eyni zamanda ordu quruculuğunun möhkəmləndirilməsi və o cümlədən peşəkar kadrların formalaşdırılması idi. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkə daxilində baş verən çaxnaşmalar aradan götürüldü, təhlükəsizlik təmin olundu, eləcə də bütün iqtisadi güc və potensial işğalçı ölkəyə qarşı müqavimətin təşkilinə yönəldildi. Ard-arda hərbi uğursuzluqlar yaşadığını və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistan tarixi əhəmiyyət kəsb edən 1994-cü ilin may ayında Bişkek protokolunu imzalamağa məcbur oldu. Əminliklə demək olar ki, atəşkəs rejimi ölkəmizdə ilk dəfə qüdrətli ordunun yaradılmasına, bu sahədə ardıcıl və sistemli tədbirlərin görülməsinə rəvac verdi.Beynəlxalq təcrübələrdən də məlum olduğu kimi, demokratik dəyərlərə və prinsiplərə hörmət, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə təmin edilməsi idarəçilik modelinin təməl prinsiplərindən hesab edilir. Müdrik şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu, birbaşa və ən yüksək hüquqi qüvvə malik normativ aktın-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması da ölkə inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması baxımından mühüm töhfə oldu. Bununla yanaşı, “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanla ölkəmizdə senzura ləğv edildi, söz və mətbuat azadlığının əsası qoyuldu, mətbuat cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edən qüdrətli vasitəyə çevrildi.
Qürurlu haldır ki, bu gün ümummilli liderin siyasi xəttini bütün parametrlər üzrə uğurla davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı davamlı və dayanıqlı inkişaf yoluna çıxarmış, dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Azərbaycanın regionun ən qüdrətli, böyük nüfuz və söz sahibi dövlətə çevrilməsində, eyni zamanda qazanılan ciddi uğurlarda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti xüsusi çəkiyə malikdir. Yarandığı ilk gündən etibarən möhkəm əqidə, sağlam ideologiya və azərbaycançılıq məfkurəsi ilə xalqa sədaqətlə xidmət edir, istər ölkə daxilində, istərsə də beynəlxalq arenada partiyanın fəaliyyətinin səmərəliliyin artırlması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirlir. Ötən dövrlər ərzində 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.Sirr deyil ki, Yeni Azərbaycan Partiyasının formalaşdırılması və güclənməsi müasir dövrün çağırış və tələblərinə, eləcə də beynəlxalq təcrübəyə əsaslanır. Bu qüdrəti təmin edən öncül komponentlərdən biri də qadınların partiyanın ictimai-siyasi həyatında fəal iştirakı və özünəməxsus roludur. Bu gün ölkəmizdə dövlət-qadın siyasətinin böyük uğurla həyata keçirildiyi bir zaman kəsiyində partiya üzvlərinin əksəriyyəti qadınların təşkil etməsi də bu mənada başa düşüləndir. Hər bir ölkənin inkişafı, dövlətçiliyinin möhkəmləndirilməsi, şübhəsiz ki, intellektual gənc nəslin formalaşdırılması, habelə cəmiyyətin aparıcı simasına çevrilməsindən asılıdır. Bu xüsusda dünənin, bu günün və gələcəyin avanqard qüvvəsi sayılan Yeni Azərbaycan Partiyasında gənc üzvlərin sayı xüsusilə nəzərə çarpandır. 30 illik yubileyinə daha böyük inam, eləcə də qürurla hazırlaşan Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün mütləq əksəriyyəti də məhz gənclərdən ibarətdir. Bunlar həm də o gənclərdir ki, artıq ikinci ildönümü ərəfəsində olduğumuz şanlı Vətən müharibəsinin qazanılması, o cümlədən torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası və bayrağımızın bütöv Azərbaycanda dalğalanması naminə böyük şücaət, qəhrəmanlıq göstərmiş, bu müqəddəs amal uğrunda canlarını fəda etmişlər. Görkəmli filosof, elmdə Aristoteldən sonra ikinci müəllim adını qazanmış Əbu Turxan deyirdi ki, biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. Zaman bir daha təsdiq etdi ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri onun hər zaman arzuladığı müasir və müstəqil Azərbaycan, eyni zamanda parlaq sabaha, perspektivli gələcəyə hesablanmış Yeni Azərbaycan Partiyasıdır. Qalib, məğrur və qədir bilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əbədi və ölməz ideyarını hər zaman dərin məhəbbət, sonsuz sevgi və sədaqətlə yaşadacaqdır.
Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB