Beynəlxalq dəyərlərə fərqli münasibət

Beynəlxalq dəyərlərə fərqli münasibət

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasının paytaxtı Astanada bir-birinin ardınca iki mötəbər tədbirdə iştirak etdi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edən ölkə başçımız hər iki tədbirdə geniş nitqlə çıxış edərək regionda post-müharibə dövründə yaranmış vəziyyət və ölkəmizin mövqeyi ilə bağlı vacib fikirlər səsləndirdi. Azərbaycan Prezidentinin çıxışları beynəlxalq müstəvidə geniş marağa və rezonansa səbəb oldu. Xüsusilə də ölkə başçımızın ikinci tədbirdəki çıxışı ünvanlanan mesajlar baxımından olduqca zəngin olması səbəbilə diqqət çəkdi.

İlk olaraq münaqişənin nizamlanmasında mandat sahibi olan ATƏT-in Minsk qrupu ilə bağlı danışan Prezident İlham Əliyev 28 il ərzində onların nəticələrinin sıfıra bərabər olduğunu bildirdi. Kifayət qədər sərt olan bu ifadə bəlkə də bir çoxumuzda təəccüb yarada bilərdi amma ölkə başçımızın daha əvvəl də dəfələrlə bu qurumla bağlı fikirlərini və tənqidlərini açıq şəkildə səsləndirməsi səbəbilə bu bizi bir o qədər də təəccübləndirmədi. Azərbaycan Prezidenti hər zaman xalqına qarşı açıq və dürüst olub, gedən proseslərlə bağlı aydın fikirlər səsləndirib. Buna görə də Minsk qrupunun fəaliyyətsizliyi və status-kvonun saxlanılmasına hesablanmış imitasiya xarakterli siyasəti çox uzun müddətdir ki, xalqımıza yaxşı məlumdur. Sözügedən qurum uzun illər işğalçı ilə işğala məruz qalan arasındakı fərqi qorumayıb, gözləri önündə Ermənistan tərəfindən beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara sığmayan hərəkətlər edilsə də səssiz qalmağı üstün tutub. Ədalət və beynəlxalq hüquq məsələləri ATƏT-in Minsk qrupu üçün heç də ən ali dəyərlər satusunda qəbul olunmayıb. Bunun nəticəsidir ki, bu gün bu qurum Azərbaycan xalqı üçün xeyirdən çox ziyanı dəyən, sözün əsl mənasında, “ayı xidməti” göstərən qurum mahiyyəti daşıyır.

Daha sonra ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan Fransanın Prezidenti Emmanuel Makronun ötən həftə televiziya kanallarından birinə müsahibəsində ölkəmizlə bağlı səsləndirdiyi sərsəm və bir o qədər də məsuliyyətsiz bəyanatlarla bağlı danışan dövlət başçımız olduqca sərt fikirlər səsləndirdi. “2 il öncə Azərbaycan böyük zorakılıqla müşahidə olunan müharibəni başladı və bu əraziləri işğal etdi” deyən Fransa Prezidenti əslində ilk olaraq münaqişənin detalları və tarixi haqqında tamamilə xəbərsiz olduğunu sübut etdi. Necə ola bilər ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün mandat sahibi olan ölkə münaqişə predmeti olan zonanın hansı ölkəyə məxsus olduğunu anlamasın. Qarabağ mübahisəli torpaq deyil, heç zaman olmayıb. Qarabağ, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu bilməyən, anlamayan, qəbul etməyən vasitəçilərin missiyasına isə sadəcə olaraq ehtiyac yoxdur. Ölkəmizin bu əraziləri işğal etməsi fikri ən bəsit ifadə ilə absurddur. Fransa Prezidentinin bu qərəzli və siyasi etik qaydalarına sığmayan bəyanatı onu göstərir ki, Fransa 30 illik danışıqlar prosesi boyunca daim tərəflərə fərqli münasibət göstərib. Beləliklə, Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etməyən məsuliyyətsiz bir çıxış idi. Prezident Makronun çıxışının davamında “Fransa heç vaxt Ermənistanı atmayacaq” ifadəsi isə əsl ağıl tutulmasıdır.

Nəzərə alsaq ki, münaqişənin bitdiyi iki illik zaman kəsiyində, Ermənistan hələ də Azərbaycana qarşı mina və snayper terrorlarını davam etdirir, sülh danışıqlarında ikiüzlülüyə yol verərək kağız üzərində sülhə razı olsa da, reallıqda prosesə zərbə vuracaq əməllərlə çıxış edir onda indiki halda Ermənistanın dəstəklənməsi ancaq növbəti təxribatlara, sülh prosesinin ləngiməsinə və Cənubi Qafqazda qeyri-sabitliyə gətirib çıxara bilər. Dövlət başçımız çıxışında mövcud vəziyyətlər barədə məlumat verdikdən sonra Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmədiyini bildirdi. Məsələyə fərqli bir kontekstdən daha yanaşsaq, keçmişi soyqırımılarla, fəlakətlərlə, zülmlərlə dolu olan Fransanın Azərbaycana beynəlxalq hüquq dərsi keçməsinin də nə dərəcədə məntiqli olduğunu sorğulamaq da lazım gələcək. Fransa Əlcəzair, Vyetnam, Cibuti, Çad, Qabon, Tunis kimi torpaqlarda soyqırımıları törətmiş, insanlara dinləri ilə bağlı təzyiq etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı ən təməl hüquqlarından məhrum etmişdir. Buna görə də Fransa Prezidentinə Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərməsini məsləhət görərdik.




Arzu Cahangirova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
Pirallahı Rayon Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə