Makronun Azərbaycan haqqında dedikləri absurddur – DEPUTAT ŞƏRH ETDİ
“Fransa prezidenti Emmanuel Makron tamamilə əsası olmayan, erməni mövqeyindən çıxış edərək Azərbaycana və xalqımıza iftiralar atıb. Onun Qarabağla, 44 günlük müharibə ilə bağlı dedikləri isə absurddur. Bu fikirlər onun yanlış siyasi düşüncəsinin inikasıdır. Makron yöndəmsiz və səbəbsiz şəkildə həm Fransa ictimaiyyətinin, həm də yerli, xüsusən də Ermənistanda yaşayan ermənilərin eyni anda rəğbətini qazanmağa çalışır. Amma bu addım yanlışdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, əslində Makron bir o qədər də uzaqgörən siyasətçi deyil: “Azərbaycanın Fransaya bu qədər xoş münasibət sərgiləməsinə rəğmən Yelisey sarayının indiki sahibinin - Makronun işğalçı Ermənistanı dəstəkləməsi, eyni zamanda Azərbaycanı haqsız yerə ittiham etməsi, bizi işğalçı ilə eyni tutması iki ölkənin gələcək münasibətlərində böyük problemlər yarada bilər. Əlbəttə, Fransa ilə qurulan faydalı əlaqələrə zərər gəlməsini biz də istəməzdik. Amma bu ölkənin Makronun ifasında Azərbaycana qarşı münasibəti təəssüf doğurur. Makron erməni diasporundan qorxur, onların güclü təzyiqi Fransa prezidentini tez-tez səhv etməyə, bəzi ölkələrlə münasibətləri korlamağa vadar edir. Halbuki, əvvəlki prezidentlərin dövründə Fransanın öz siyasəti, özünün sərbəst şəkildə seçdiyi yol var idi. İndiki Fransa isə müstəqilliyini itirməkdədir, kənar qüvvələrin diqtəsi altında idarə olunur. Bu gedişlə Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Bu ölkə Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir. Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində bir daha bəyan etdi ki, heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Rəsmi Bakı öz daxili məsələlərini kənar tərəflərlə müzakirə etmir və etməyəcək. Fransanın timsalında regionda sülhü pozmaq cəhdləri yolverilməzdir. Makron Ermənistanın vəkili qismində çıxış etsə də onun bu regionda vasitəçi qismində iştirakı mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB