2003-cü ildən qələbəmizi təmin edən Prezident – xalq birliyi… TƏHLİL

Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Məhz ulu öndərin sayəsində demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsi isə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu.

2003-cü il 15 oktyabr seçkiləri - İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır

Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 19 il ötür. Bizim hər birimiz 2003-cü ilin 15 oktyabrı ərəfəsində baş verən hadisələri yaxşı xatırlayırıq. Hətta bir çox tanınmış politoloqlar həmin tarixi anı ölkəmizin gələcək taleyi baxımından 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ilə müqayisə edirlər.İlk baxışda möhtəşəm bir tarixi inkişaf mərhələsinin başlandığı günlə xalqın vətəndaş müharibəsi və Azərbaycan dövlətçiliyinin əldən getməsi təhlükəsi ilə üz-üzə qaldığı günlər arasında paralellər axtarmaq o qədər də məntiqli görünmür. Ancaq milli mənafe baxımından 1993-cü və 2003-cü illərin oktyabr aylarında keçirilən prezident seçkilərinin əhəmiyyətini eyniləşdirənlərin qənaətində bir məntiq var. Daha doğrusu, bu məntiqi zamanın özü sübut edib.Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarını (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər) təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradıldı. Regionlarımızın siması tamamilə dəyişdi, gözəlləşdi. 15 oktyabr 2003-cü il prezident seçkiləri və bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən növbəti seçkilərdə də cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Azərbaycan xalqı cənab İlham Əliyevə yenidən etimad göstərməklə həm də bu günə kimi görülmüş işlərə yüksək qiymət verdi. Bu bötövlükdə, cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, həmçinin, Azərbaycan xalqının zəfəridir.

Azərbaycana hələ çox zəfərlər qazandıracaq lider

Ümumilikdə, son 19 ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin etmişdir. Ölkə vətəndaşları inanır ki, Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət üçün bu islahatlar qarşıdakı illərdə də inamla və qətiyyətlə davam etdiriləcəkdir. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq”.

44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan dahi öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı olduğu kimi, onun siyasi varisi Prezident İlham Əliyev də düşmən üzərində Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan Zəfər qazanaraq adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib.Bəli, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və böyük nüfuz sahibi olmuşdur. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyni nəzərə ala bilməz. Elə bu səbəbdən dövlətimizn rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Son 19 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Və məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır.Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub. Qarabağ Azərbaycandır reallığı, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü.Bir sözlə, inanırıq ki, bundan sonra da Azərbaycanda keçirilən seçki sistemi demokratik inkişafın göstəricisi kimi tarixə həkk olunacaq, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə