“Paşinyanın sözü və əməlləri bir-birinə uyğun gəlmir” AÇIQLAMA

“Paşinyanın sözü və əməlləri bir-birinə uyğun gəlmir” AÇIQLAMA

“Erməni tərəfinin danışıqlara münasibətdə sərgilədiyi mövqe Paşinyan iqtidarının qarşısında Qərbdəki himayədarları tərəfindən qoyulan tələb və təkliflərlə əlaqədardır. Paşinyanın 4 il əvvəl Ermənistanda hakimiyyətə gəlməsi erməni cəmiyyətinin sosial, iqtisadi tələb və ehtiyaclarından qaynaqlansa da, onun iqtidara gəlişində geosiyasi amillər həlledici rol oynamışdır. ABŞ-ın indiki iqtidarına yaxın şəxs, filantrop və milyarder Sorosun maliyyə dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın qarşısında himayədarları tərəfindən ilk günlərdən konkret vəzifə və tələblər qoyulmuş, hədəflər müəyyənləşdirilmişdir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz uğrunda Qərb və Rusiya arasında gedən və geosiyasi məzmun və səciyyə təşkil edən qarşıdurmada Paşinyan Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmalı və bölgədə Qərbin nüfuz dairəsinin genişlənməsi üçün bəlli addımlar atmalı idi: “İqtidara gəldikdən sonra Ermənistanı Rusiyanın həlledici rola malik olduğu KTMT dan, habelə AİB dən uzaqlaşdıra bilməyən Paşinyan bilərəkdən, özü də Qərbdəki bəlli dairələrin sifarişi ilə Azərbaycanla münasibətlərin gərginləşdirilməsi yolunu tutdu, onun "Qarabağ Ermənistandır" kimi avantürist bəyanatı danışıqlara dalana dirədi, Qərbin sifarişi ilə bölgədə Rusiya və Türkiyənin hərbi qarşıdurmaya getmə ehtimali yarandı”.

E.Manafov onu da bildirib ki, Azərbaycanın hərtərəfli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin hər iki tərəflə münasibətlərdə strateji tərəfdaşlıq və əməkdaşlığa önəm verdiyi dövlətlər, onların siyasi elitaları qarşıdurmadan çəkinməyi bacardılar: “Hətta Cənubi Qafqazın və digər bölgələrin ağrılı problemlərinin həlli sahəsində əməkdaşlığa keçə bildilər. Rusiya Azərbaycan tərəfinin ehtiyatı və təmkinli hərəkətlərinə rəğmən Ermənistanla başlanmış olan mübarizədə kənarda qaldı, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı müharibənin onun beynəlxalq hüquqla təsdiq olunmuş haqqı olduğunu bəyan etdi, Azərbaycan ordusunun 44 günlük savaşda əldə etdiyi qələbə isə bölgədə yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxartdı. Qərb təbii ki, bu reallıqları həzm edə bilmir, ona görə də münaqişə tərəfləri arasında danışıqlarda təşəbbüsü ələ almaq, Rusiyanı proseslərdən kənarda qoymaq, onu çıxdaş etmək istəyir. Buna görə də Ermənistanda anti-Rusiya ovqatının artırılması istiqamətində ardıcıl iş aparılır, Qərb, ilk növbədə ABŞ və Fransa siyasi yetkililəri Ermənistan iqtidarına verdikləri dəstək və prefereslərlə onu danışıqlarda ikili standartlardan çıxış etməyə sövq edirlər. Azərbaycan iqtidarının çoxvektorlu, müstəqil xarici siyasəti, onun Qərbdən olan təzyiqlərə baxmayaraq Rusiyaya qarşı Türkiyə kimi iqtisadi sanksiyalara qoşulmaması, Rusiyaya tətbiq edilən sanksiyaların fonunda bir çox sahələrdə, xüsusilə logistika sahəsində əməkdaşlığın davam etdirilməsi Rusiyanı iqtisadi blokadaya salmaq istəyən Qərbdəki bəlli dairələri qane etmədiyindən Paşinyan kimi satellit siyasətçilərin vasitəsilə danışıqlara əngəl törətməyə çalışırlar. Nəticədə, Qərbdəki bəlli dairələrin dəstəyinə ümid edən Paşinyanın sözü və əməlləri bir-birinə uyğun gəlmir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə