İtaliyada sentyabrın 25-dəki ümumi seçkilərdən sonra yeni parlamentin ilk iclası keçirilib. İclasda ifrat sağçı “İtaliya Qardaşları” Partiyasının üzvü İqnazio Benito Maria La Russa ölkədə 19-cu qanunverici orqanın - parlamentin yuxarı palatası olan Senatın sədri seçilib. SİA xəbər verir ki, 75 yaşlı Benito La Russa 206 yerlik Senatda 116 səs qazanıb. O, ölkənin ilk qadın Baş naziri olacağı gözlənilən Giorgia Meloni ilə birlikdə 2012-ci ildə “İtaliya Qardaşları” Partiyasının təsisçilərindən olub.
İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının rəhbəri 85 yaşlı Silvio Berluskoni isə 9 il sonra yenidən Senatın üzvü seçilib.
Parlamentin aşağı palata olan Nümayəndələr Palatasının sədrinin müəyyən olunduğu seçkilərdə ilk səsvermədə nəticə əldə olunmayıb. Parlamentin hər iki palatasının rəhbərləri seçildikdən sonra qrup rəhbərlərinin müəyyənləşməsi, daha sonra isə hökumətin formalaşdırılması ilə bağlı danışıqlara rəsmən başlanması gözlənilir.
Yeni parlamentdə qadın üzvlərin sayı azalıb. Əvvəlki parlamentdə qadınlar üzvlərin 35 faizini təşkil edirdi, yeni parlamentdə bu nisbət 31 faizə düşüb.
Qeyd edək ki, Senatın sədri vəzifəsi İtaliyada prezidentdən sonra ikinci ən mühüm post hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB