Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir ŞƏRH

Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir ŞƏRH

Bu gün dünyada baş verənlərin fonunda etibarlı tərəfdaş kimi Azərbaycanın rolu daha aydın görünür. Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla milli maraqlar üzərində qurulan xarici siyasətini uğurla inkişaf etdirir. Respublikamızın qısa müstəqillik tarixində qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır. Həmçinin son illərdə reallaşdırılan müxtəlif enerji layihələri ölkəmizlə beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına da zəmin yaradıb. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Reallıq budur ki, Azərbaycan liderlik mövqeyini nümayiş etdirməklə Avropanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin perspektivlərindən bəhs etməyimiz də bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Cənub Qaz Dəhlizinin reallaşması iqtisadi və siyasi imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan dövləti qitə dövlətləri üçün etibarlı tərəfdaş olması daim qeyd olunur. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edən önəmli layihədir. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması yeni-yeni layihələrə yol açır ki, bunlar da ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Hazırda Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafı enerji sektorunda özünün aydın ifadəsini tapıb.

Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun Prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur. Bu günədək Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bir neçə dəfə görüş keçirilib və dörd görüş isə Avropa İttifaqının təşəbbüsü ilə baş tutub. Görüşlər zamanı Azərbaycan-Ermənistan arasında həll olunmayaraq gündəlikdə qalmış məsələlərin çözülməsi üçün yol xəritələri cızılıb və müəyyən məqamlar razılaşdırılıb. Məlumdur ki, oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində "Avropa siyasi birliyi" Zirvə Toplantısında Azərbaycan-Ermənistan münasibətləri yenidən müzakirə obyekti oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşün nəticələri isə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilir. Zirvə Toplantısı zamanı dünyamızı düşündürən digər məsələlər də müzakirə edilib. Görüşün nəticəsi olaraq bir daha şahid olduq ki, Avropa İttifaqı Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir.

Məmləkət Qaraçobanova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə