Vətən müharibəsinin 18-ci günü: güc və birliyin qələbəsi TƏHLİL

Vətən müharibəsinin 18-ci günü: güc və birliyin qələbəsi TƏHLİL

Prezident İlham Əliyev: "Xain hücumlar bizim iradəmizi qıra bilmədi"

14 oktyabr 2020-ci il. "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazırdı. Bəli, həmin gün 14 oktyabr tarixində 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad olundu və tariximizdə yeni səhifə yazıldı. 2020-ci ilin 13 oktyabr tarixində Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində "Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi və digər təhqirləri, həqarəti Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyüş meydanında alırıq, əvəzini çıxırıq. Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır", - deyə bildirmişdir: "Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimlərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi onu müdafiə edəcək, o zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq, bu gün də bunu istəyir". Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə bir gündə dəfələrlə zəng etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Bizdə məlumat var ki, bu son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər".

"MÜSTƏQİLLİK ŞƏRAİTİNDƏ YENİ VƏTƏNPƏRVƏR, HƏM MƏNƏVİ, HƏM DƏ FİZİKİ CƏHƏTDƏN GÜCLÜ İNSANLAR YETİŞİBDİR"

2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi tariximizə qələbələr yazmaqda davam edirdi. Bu qürurlandırıcı xəbərlər xalqımızın həyatında mühüm hadisəyə çevrilirdi. Qələbə ardınca qələbə sorağı. Təbii ki, uğurun-uğura calandığı bir zamanda Ermənistana bunu həzm etmək çətinləşirdi. Həmişə olduğu kimi təxribatlar törətmək, iftira xarakterli məlumatlar yaymaq işini davam etdirirdi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan bu gün döyüş meydanında uduzduğunu aydın dərk etdiyindən beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkindirmir və Azərbaycan Ordusu öz torpaqlarının azad olunması məqsədi ilə müharibəsini davam etdirirdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin də gözü qarşısında baş verirdi. Ermənistanın atəşkəsə əməl etməməsi hiddət doğururdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsi zamanı Ona ünvanlanan "Cənab Prezident, hazırda Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki ərazilərdə əməliyyat həyata keçirir. Amma Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə alır. Bundan məqsəd panika, xaos və qorxu yaratmaqdırmı? Siz hazırda Azərbaycan xalqının bu psixologiyasını necə görürsünüz?" sualını belə cavablandırmışdı: "Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə, bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Bu gün səhər mənə verilən məlumata görə, 100-dən çox mərmi səhər saat 7-dən indi saat 10-un yarısıdır, 2 saat yarım ərzində mindən çox mərmi Tərtər şəhərinə düşüb. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin, Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir. Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər… bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz. Ermənistanın digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!"

ERMƏNİSTANIN NÖVBƏTİ CİNAYƏTLƏRİ - HUMANİTAR ATƏŞKƏSƏ ƏMƏL ETMİR

Vətən müharibəsi dövründə də davam edən Ermənistanın növbəti cinayətləri, mülki əhaliyə qarşı edilən terrorlar çirkin siyasətin məntiqi idi. Belə ki, 2020-ci ilin oktyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri humanitar atəşkəs elan edilməsi haqqında bəyanat qəbul etmişdi. Lakin Ermənistan Respublikası nəinki buna əməl etməyib, əksinə, oktyabrın 11-də onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi "SKAD" tipli raket kompleksindən atəşə tutmuşdu. Həmin tarixdə Gəncəyə atılan ballistik raket nəticəsində 10 mülki şəxs həyatını itirib, 34 mülki şəxs isə yaralanıb. Yaralanan insanlardan 9-u uşaq, 10-u qadındır. Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzünün davamlılığını göstərən bu təxribat müharibə cinayətləri olmaqla, Ermənistanın, ilk növbədə, BMT Nizamnaməsini, Müharibə aparılmasının adət və qaydalarını müəyyən edən Haaqa Konvensiyalarını, Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə konvensiyalarını və həmin konvensiyalara edilən 1977-ci il tarixli Əlavə protokolları, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu, o cümlədən ayrı-ayrı silah növlərindən istifadə ilə bağlı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquq normalarını, həmçinin mülki əhalinin hərbi əməliyyatların təhlükəsindən müdafiə edilməsi ilə bağlı ümumi hüquq prinsipini kobud şəkildə pozulması deməkdir.

14 OKTYABR TARİXİNƏDƏK 40-A YAXIN ÜMUMİ TƏHSİL MÜƏSSİSƏSİ DÜŞMƏN TƏCAVÜZÜNƏ MƏRUZ QALMIŞDI

Bütövlükdə Ermənistanın bu addımı müharibə dövründə mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasının və bu cür silahların mülki əhaliyə qarşı istifadəsini qadağan edən beynəlxalq sazişlərin müddəalarına ziddir. Ermənistanın bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyət daşıyırlar. Oktyabrın 14-də səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulmuşdu. Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Dəyərli kənd ümumi orta məktəbinə ziyan dəymiş, məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşmüşdü. 14 oktyabr tarixinədək artıq 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəymişdi. Ermənistanın humanitar atəşkəsi pozmasına baxmayaraq, rəşadətli Azərbaycan Ordusunun hər gün yeni kəndləri və şəhərləri işğaldan azad etməsi bizi Zəfər tariximizə yaxınlaşırırdı.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə