"Səfər Azərbaycan-Qırğızıstan münasibətində çox mühüm səhifədir” - DEPUTAT ŞƏRH ETDİ

"Səfər Azərbaycan-Qırğızıstan münasibətində çox mühüm səhifədir” - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri ilk dövlət səfəri idi. Bu səfər Azərbaycan-Qırğızıstan münasibətində çox mühüm səhifədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, Qırğızıstan səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş verir, eyni zamanda 1997-ci ildə imzalanmış "Dostluq və əməkdaşlıq” müqaviləsinin 25 illiyi ərəfəsində baş verir: “Bu baxımdan bu səfər ölkəmizin Qırğızıstanla olan əməkdaşlığa verdiyi önəmi göstərir. Son zamanlar Azərbaycan Mərkəzi Asiya ölkələri ilə çox sıx əməkdaşlıq edir, dostluq əlaqələrini daha da genişləndirir. Qırğızıstan dövləti Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edib və həmin səfər çərçivəsində çox mühüm bəyanatlar səsləndirildi. Eyni zamanda ölkə başçısının Qırğızıstana səfəri zamanı da mühüm bəyanatlar səsləndirildi. İki səfər çərçivəsində 19 sənəd imzalandı və bu Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndirilməsindən xəbər verir. Qırğızıstan Prezidentinin səfəri zamanı “Strateji tərəfdaşlıq haqqında” bəyannamənin imzalanması, eyni zamanda dövlətlərarası şuranın yaradılması haqqında sənədin imzalanması iki dövlət arasında əlaqələrin genişləndirilməsinə dəlalət edir.

Dövlət başçısının indiki səfəri həmin sənədlərin icrasına yönəlikdir. Bu səfər çərçivəsində çox mühüm sənədlər imzalandı, çıxışlar baş tutdu. Siyasi, iqtisadi, turizm, təhsil sahəsi ilə yanaşı mədəni əməkdaşlığa da geniş yer verildi. Mədəniyyat sahəsində bir çox tədbirlər təşkil edilib. Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan məktəblərin açılışı oldu. Eyni zamanada gələcəkdə ölkəmizdə Qırğızıstan mədəniyyət illərinin keçirilməsi planlaşdırılıb.

Azərbaycan Qırğızıstanla strateji əməkdaşlığı olduqca önəm verir. Eyni zamanda bunun səbəblərindən biri də Azərbaycanın regionda artan nüfuzudur. Azərbaycan bir çox beynəlxalq forumlarda, beynəlxalq platformalarda öz mövqeyini ifadə edərkən bir çox dövlətlər ona dəstək göstərir. Qırğızıstan da bu dövlətlərdəndir. Düşünürəm ki, Azərbaycana digər dövlətlərin dəstəyi artacaq. Xüsusilə də bu səfərdən sonra bir çox dövlətlər, həmçinin Qırğızıstan da Azərbacana dəstək verəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə