Son bir il ərzində dünya siyasətində hər gün çalxalanmaların baş verdiyi, yeni bir düzənin formalaşmasının ilk addımlarının atıldığı müşahidə olunur. Yaranan yeni düzəndə ölkəmiz dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə fəal diplomatik gedişlər edir və milli maraqlara söykənən siyasi kursunu qətiyyətlə davam etdirir. Bu kursun ən çox nəzərə çarpan başlıqları Avropa İttifaqı ilə genişlənən münasibətlər, qardaş Türkiyə Cümhuriyyəti və ümumilikdə türkdilli dövlətlərlə strateji müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr, qonşu dövlətlərlə, o cümlədən Rusiya Federasiyası və İran İslam Respublikası ilə davamlı inkişaf edən və balanslaşdırılmış siyasətə əsaslanan münasibətlərin davam etdirilməsi və regionda sülh və əməkdaşlığa xidmət edən məqsədyönlü səylərdən ibarətdir. Başlıqlar içərisində türkdilli dövlətlərlə əlaqələrə xüsusi nəzər yetirmək istərdim. Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonra Türkiyə-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni müstəviyə qalxdığı heç kimə sirr deyil. 44 günlük Vətən müharibəsi ərzində Türkiyənin Azərbaycana göstərdiyi birmənalı dəstəkdən sonra bu, əlbəttə ki, gözlənilən idi. Türk dünyasının iki böyük liderinin isti əlaqələri isə bütün türk dünyasına gözəl nümunədir. Onu da xatırlatmaq istərdim ki, müharibə dövründə türkdilli dövlətlər Türk Dövlətləri Təşkilatının (o vaxtkı adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) timsalında ölkəmizə açıq və birbaşa dəstəklərini ifadə etmiş və ötən ilin 12 noyabr tarixində Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə ölkə başçımızı Türk Dünyasının Ali Ordeni ilə təltif etmişdir. Bir nüansı da qeyd edim ki, son bir il ərzində Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə, Prezident İlham Əliyev isə Özbəkistan və Türkmənistan Respublikalarına səfər etmişdir. Qarşılıqlı bu səfər trafiki Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana və bütövlükdə türk dünyasına inteqrasiyasına və türkdilli dövlətlər arasında münasibətlərin sıxlaşdırılmasına yönəlmiş məqsədyönlü cəhdlərdir. Bütün bunlar deməyə əsas verir ki, türk dövlətləri bu gün həmrəydir və onların arasındakı münasibətlər tarixi əlaqələrə və qardaşlıq münasibətlərinə əsaslanır. Ötən gün Azərbaycan Prezidenti cənab İlham Əliyev daha bir türkdilli dövlətə-Qırğızıstan Respublikasına səfər etdi. Olduqca məhsuldar keçən səfər çərçivəsində vacib sənədlər imzalandı, görüşlər, açılışlar baş tutdu. Səfərdə Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqət və yüksək ehtiram, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Qırğızıstanda əbədiləşdirilməsi naminə atılan addımlar təbii ki, hər birimizi fəxrləndirdi və türk dünyasının gələcəyi ilə bağlı nikbinliyimizi daha da artırdı. İki ölkənin tarixi münasibətlərinə nəzər salsaq qeyd edə bilərik ki, bu səfər Azərbaycan Prezidentinin Qırğızıstan Respublikasına ilk dövlət səfəri idi. Düzdür, Prezident İlham Əliyev daha öncə iki dəfə Qırğızıstan Respublikasında səfərdə olub amma bu səfərlərin hər biri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində idi. Buna görə də bu səfər iki ölkənin münasibətlərində xüsusi əhəmiyyət kəsb edir.
Səfərin detallarına nəzər saldıqda ən çox diqqətçəkən nüanslardan biri hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın iclasının keçirilməsi və burada qərarların qəbulu idi. Əlavə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması və müxtəlif sahələri əhatə edən bu sənədlərin iki ölkənin əməkdaşlığının siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisi olduğunun təsdiqi də vacib başlıqlardandır. Beləliklə, bu gün Qırğızıstan-Azərbaycan əməkdaşlığı dinamik inkişaf edir, ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Hər iki ölkə siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişdir. Heç bir şübhə yoxdur ki, ölkələrimiz arasında çoxəsrlik tarixə, ortaq ənənələrə, dilə və mədəni-mənəvi irsə əsaslanan dostluq telləri və qarşılıqlı qardaşlıq münasibətləri gələcək inkişaf və dərinləşmə üçün əsaslı zəmin yaradır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Onu da qeyd etmək zəruridir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə 20 aprel 2022-ci il tarixli səfəri çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkənin əlaqələrinin fərqli və daha yüksək mərhələyə qədəm qoymasına şərait yaradıb. Beləliklə, əminliklə demək olar ki, iki ölkə arasındakı münasibətlərin Strateji müttəfiqlik səviyyəsinə qaldırılması bu gün iqtisadi sahədə münasibətlərin daha da dərinləşməsinə, hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət etməyə imkan verir.
Xumarə Familli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB