“Ermənistanın təxribatları istisna olunmur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın təxribatları istisna olunmur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan və Ermənistan arasında Brüssel formatı çərçivəsində növbəti görüş Praqada keçirildi. Bu görüş həm də Avropa siyasi birliyinin yaradılması ilə bağlı keçirilən tədbir çərçivəsində icra olundu. Eyni zamanda, mühüm razılaşmalar Bakı və İrəvan arasında qəbul olundu. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, keçirilən görüş sülh müqaviləsinin imzalanması ilə bağlı həyata keçirilən fəaliyyətə müsbət təsir göstərəcək: “Lakin biz dərhal elə gözlənildiyi kimi danışıqlardan sonra Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğunun şahidi oluruq. Bütün bunlar Ermənistanın siyasi xəttinə xas addımlardır və Ermənistan davamlı olaraq siyasi sahədə hər hansısa intensivlik əldə olunanda və yaxud mühüm razılaşmalar haqqında müzakirələr gedəndə dərhal bu prosesdən sonra Azərbaycanın mövqeləri intensiv və ardıcıl şəkildə atəşə tutulur. Eyni zamanda, atəşkəsin pozulması halları da geniş miqyas alır. Artıq Laçın, Kəlbəcər və Gədəbəy rayonu ərazisində olan mövqelərimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması halları müşahidə edilməkdədir.

Mühüm məsələ bundan ibarətdir ki, Avropa İttifaqının mülki missiyası Azərbaycanla Ermənistanla arasındakı sərhəddə yerləşdiriləcək”.

İ.Hüseynov onu da bildirib ki, zaman çərçivəsində də atəşkəs halları olsa və Azərbaycan buna uyğun olaraq adekvat addımlar atsa bu vəziyyəti daha da gərginləşdirəcək: “Artıq Avropa İttifaqı da proseslərə cəlb olunmuş olacaq. Bu Ermənistanın istəyidir, bundan öncə də BMT və ATƏT çərçivəsində regiona qüvvələri cəlb etməyə çalışan rəsmi İrəvan hazırda Fransa və Amerika Birləşmiş Ştatlarını bu cür missiyalarda iştirak etməyə təşviq edir və mülki missiya ilə Ermənistan tərəfi məhdudlaşmaq niyyətində deyil. Ona görə də, Azərbaycan tərəfi öz ayıq-sayıqlığını və təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə təmin etməlidir. Çünki Ermənistanın təxribatları istisna olunmur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə