Ağdam yenidən qurulur ŞƏRH

Oktyabr ayının 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işbirliyi, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib. "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda olan Forum Ağdamda keçirilib.44 günlük müharibənin nəticələrinə uyğun olaraq azad edilmiş Ağdam şəhərinin tarixində ilk dəfə bu formatda və məzmunda tədbir keçirilirdi. Forumda 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə 400 nəfərdən çox insan iştirak edib.Qeyd etməliyik ki, 28 il ərzində Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə, BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə, bağlı bütün müraciətlərinə baxmayaraq, rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında qeyd etdiyi kimi Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Ondan da minarələrdən ermənilər Azərbaycan Ordusunun hərəkətini izləmək üçün istifadə ediblər. Ağdam məscidinin təhqir olunması ilə bağlı foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağıdılıb.İkinci Qarabağ müharibəsi başa çatandan sonra ötən müddət ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən insanlar, o cümlədən beynəlxalq təşkilatların və xarici ölkələrin təmsilçiləri Ermənistanın təcavüzü dövründə erməni barbarlığı və vandalizminin acı nəticələrini öz gözləri ilə görürlər. Buraya gələn xarici ekspertlər, jurnalistlər Ağdamı "urbisid qurbanı", "ruhlar şəhəri" və yaxud da "Qafqazın Xirosiması" kimi adlandırmışdılar. Bu adlar erməni faşizminin xislətini səciyyələndirən damğa kimi əbədi olaraq yaddaşlarda qalacaq. Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq işbirliyi üçün yeni imkan yaradacaq. Rəsmi açıqlamada da bildirildiyi kimi, Ağdam Forumu şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyənləşdirilməsi, uyğun həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün önəmli bir platforma rolunu oynayacaq.Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan müvafiq sahə bilicilərinin təcrübəsinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün işbirliyinin genişləndirilməsi baxımından böyük rol oynayır. Bir tərəfdən, beynəlxalq təcrübə Ağdama (Azərbaycana) gəlir, digər tərəfdən Ağdamın yenidən təməlinin qoyulması, sürətli və keyfiyyətli quruculuq təcrübəsi dünyaya ötürülür.BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif Ağdamdakı Forumda çıxışına qeyd etdi ki, "Zati-aliləri Prezident İlham Əliyevin himayəsi altında Azərbaycan hökumətinin təşkil etdiyi ilk Milli Şəhərsalma Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Cənab Prezident, Ağdamda keçirilən birinci Azərbaycan Milli Şəhərsalma Forumuna dəvətiniz məni çox məmnun etdi. Bu konfrans zalı, Füzuli Hava Limanı və tikinti layihələri Sizin hökumətinizin postmünaqişə ərazisində şəhərlərin bərpası istiqamətində səylər göstərmək əzmini və fədakarlığını nümayiş etdirir. Siz vətəndaşlarınız üçün daha yaxşı gələcək qurursunuz".

Bəli, Ağdam böyük bir Foruma ev sahibliyi etdi. Dünyaya bir daha bəyan olundu ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğal dönəmində ərazilərimizə 1 milyondan çox mina basdırılıb. İşğala son vermiş Azərbaycanın qarşısında yalnız genişmiqyaslı bərpa proqramı durmur. Form iştirakçılarına bir daha çatdırıldı ki, müharibə başa çatandan bəri, təxminən 250 azərbaycanlı minaların qurbanı olub. Yəni, Ermənistanın Azərbaycana, mülki əhaliyə qarşı edilən terror siyasəti hələ də davam edir.Ərazilərinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif edir və sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürür.Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların öz dədə-baba yurdlarına geri qayıtması dövrünü yaşayır. Böyük Qayıdış proqramının icrasına başlanılıb. Keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti öz torpaqlarına geri qayıtmaq istəyini bildirirlər. Bu da azərbaycanlıların öz torpaqlarına bağlılığını nümayiş etdirən bir haldır. Bu vəziyyət Azərbaycan cəmiyyətində qürur, qələbə və ədalətin bərpa olunması hisslərini formalaşdırır. Azərbaycan xalqı Qarabağa qayıdır və bu qayıdış əbədidir.

Saleh MƏHƏRRƏMOV,

YAP Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə