Ağdam rayonu Qarabağ müharibəsi dönəmində ən çox ziyan çəkmiş, təcavüzə məruz qalmış rayonlarımızdandır. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan zorla qovulan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi. 1993-cü ildə erməni qüvvələri artilleriya ilə Ağdamı mütəmadi olaraq bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində mülki vətəndaşlar şəhərdən evakuasiya olundu və iyulun 23-də Ermənistan ordusu Ağdam şəhərini işğal etdi. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. Bu, adi bir statistika deyil, bu hadisənin arxasında minlərlə insan taleyi, yüz minlərlə ağdamlının puç olmuş həyatı dayanır...
İşğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Rayonun Cümə məscidində ermənilər donuz, inək saxlayıblar. Ağdamda baş verən vəhşilikləri Qarabağ regionunun hər yerində görmək mümkündür. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmişdir.
XX əsrin sonunda – 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. Qarabağda 30 ilə yaxın müddət ərzində ermənilərin vəhşi münasibəti dünyaya bu millətin iç üzünü bir daha göstərdi. Bu gün azad olunmuş ərazilərimizdə yüzminlərlə hektar münbit torpaqların sinəsinə vurulan yaraları, minalanmış ərazilərin yararsız hala salınmasını görəndə adam bir daha əmin olur ki, bəşər tarixində tayı-bərabəri olmayan belə vəhşilikləri yalnız "böyük Ermənistan" xülyası ilə torpaqlarımıza göz dikən bir millətin hərbçiləri törədə bilərlər. Erməni işğalının xarabazara çevirldiyi rayonlarımızdandır Ağdam. Ən vəhşi mənzərə Cəbrayılda, Füzulidə, Zəngilanda olduğu kimi, Ağdamda da məscidlərimizin, qəbiristanlıqlarımızın darmadağın edilməsidir. Türk xalqına, İslam dininə nifrət hissi ermənilərdə o qədər kin-kidurət yaradıb ki, məscidlərimizi tövlə edib, məzarlarda yatan ölülərimizi belə rahat buraxmayıblar. Məzar daşlarını gülləbarana tutmaları bir yana, qəbiristanlıqlarda bütün məzarları dağıdaraq cəsədlərin qalıqlarını çıxarıb sümükləri ətrafa yayıblar. Bu, dünya tarixində görünməmiş vəhşilik, barbarlıqdır.
Erməni işğalının ziyan vurduğu Ağdamın adını on il əvvəl separatçılar tərəfindən dəyişdirilərək “Akna“ qoyulub və rayonun işğal edilmiş ərazilərində ermənilər qanunsuz olaraq məskunlaşdırma aparıblar. Üstəlik Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar kimi, Ağdam da bu qondarma quruma aid edilmişdi. Halbuki Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Əfsus ki, işğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış eksponatlar Ermənistana daşınmışdı.
Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının videogörüntülərində Ağdamı, Kəlbəcəri tərk edərkən ermənilərin tikililəri necə dağıtdığı, evlərə, ağaclara od vurub yandırdıqları və digər vandal hərəkətləri aydın görünür. Bəli, erməni vandalları 30 il ərzində azərbaycanlılara məxsus ev-eşikləri, məscidləri – məbədləri dağıdıb, şəhər və kəndlərdə daşı-daş üstündə qoymayıb, meşələri yandırıb, amma Azərbaycan ruhunu, birliyini nə dağıda, nə də sarsıda bilmədilər... Özünə aid olmayan torpaqlarda Azərbaycan əsgəri tərəfindən diz çökməsini həzm etməyən erməni toplumu hətta dünya mediasının gözü qarşısında hər cür əməllərə əl atır.
İkinci Dünya müharibəsində alman faşistləri işğal etdikləri kəndləri, şəhərləri imkan daxilində, yəni lüzum olmadıqca dağıtmırdılar, əksinə ələ keçirilən şəhərlər və kəndlər bərpa olunurdu. Amma mənfur erməni faşistləri Ağdam, Cərbayıl, Zəngilan və başqa yurd yerlərimizi 30 ilə yaxın daşı-daş üstə qoymayıblar, dağıdıblar. Şübhəsiz ki, Vətən uğrunda minlərlə şəhid verən, məcburi köçkünlük taleyi yaşayan ağdamlıların torpaq sevgisi, Vətən məhəbbəti çox güclüdür. Bu hisslər ağdamlıların, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımızın sakinlərinə xasdır. Elə bu sevgi, Vətən məhəbbəti də Qarabağımıza yeni həyat verəcək, işğaldan azad olunmuş şəhər və kəndlərimiz, həmçinin Ağdam yenidən inşa ediləcək, öz adına layiq qurulacaq. Bunun üçün dövlətimizin imkanları da, insanlarımızın istəyi də yetərlidir.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB