Azərbaycan Avropa İttifaqına daha da yaxınlaşır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Avropa İttifaqına daha da yaxınlaşır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülh müqaviləsinin bağlanması üçün atılan əhəmiyyətli addımdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Ermənistan və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinə sadiqliyini təsdiqləməsi Moskvada və Brüsseldə imzalanmış bəyanatların, təkliflərin və razılaşmaların yerinə yetiriləcəyinə ümidləri artırır.

“Praqada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə verilmiş bəyanat Azərbaycan diplomatiyasının, ölkəmizin rəhbərinin düşünülmüş çoxgedişli siyasətinin parlaq ifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti fəaliyyətinin bütün dövrlərində sülh tərəfdarı olduğunu nümayiş etdirib. Praqa görüşlərində səsləndirilən fikirlər bunu bir daha təsdiq etdi.

Prezidentimiz televiziya kanallarına verdiyi müsahibədə qeyd etmişdir ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hər halda, sülh prosesinə artıq təkan verildi.

Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və enerji böhranının hökm sürdüyü belə bir dövrdə Avropa ölkələrinin ölkəmizlə əlaqələri möhkəmləndirməkdə maraqlı olmaları təbiidir. Digər tərəfdən Azərbaycan bu ölkələrlə qarşılıqlı əməkdaşlığa və dostluğa böyük önəm verir, daim sülh və əminamanlıq mövqeyindən çıxış edir. Məhz buna görə də cənab İlham Əliyev humanist, sülhsevər bəşəriyyətin və xalqının rifahı, xoşbəxtliyi üçün çalışan dövlət rəhbəri, siyasi xadim kimi tanınır və sevilir. Praqa görüşləri bunun bir daha əyani ifadəsinə çevrildi və həqiqətən də Prezidentimizə böyük hörmət və ehtiramın olduğunu göstərdi.

Azərbaycan Prezidenti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasına böyük əhəmiyyət verir və bildirir ki, Avropa İttifaqı bizim üçün önəmli tərəfdaşdır. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Bu gün müasir nəqliyyat infrastrukturunun yaradılması nəinki ölkəmiz, Cənubi Qafqaz, eləcə də Avropa ölkələri üçün çox faydalıdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizindən dünya ölkələri bəhrələnəcəkdir. Avropa ölkələri ilə təhsil, mədəniyyət, səhiyyə sahəsində əlaqələrin yaradılması sözsüz ki, gələcək inkişafımız üçün vacibdir.

Praqada Avropa Siyasi Birliyi toplantısındakı görüşlər, səsləndirilən fikirlər, bəyanatlar bir daha göstərdi ki, Azərbaycan Avropa ölkələri sırasında öz yeri, öz sanbalı olan və müstəqil siyasət yürüdən, haqqını tələb etməyə və onu almağa qadir bir dövlətdir. Bu hər bir azərbaycanlını əlbəttə ki, qürurlandırır və qələbələrimizə yeni-yeni uğurlar bəxş edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə