Azərbaycan-Bolqarıstan əlaqələri yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Azərbaycan-Bolqarıstan əlaqələri yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb.İki ölkə arasında diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb.Bu gün Azərbaycan digər Avropa ölkələri ilə olduğu kimi, Bolqarıstanla da iki dost və strateji tərəfdaş ölkələr olaraq sıx əlaqədədir. Ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələr davamlı olaraq inkişaf edir və bu gün əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.Ölkəmizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət respublikamızın artan nüfuzunu gündən-günə daha da yüksəklərə qaldırır. Belə ki, ölkəmizin nüfuzunun yalnız region ölkələri arasında deyil, uzaq Avropa ölkələrində də olduqca yüksək olduğu Prezident İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər zamanı gözlər önünə sərildi.Uzun illər Azərbaycan Avropa bazarında etibarlı neft təchizatçısı olması ilə yanaşı eyni zamanda, hazırda Avropanın etibarlı qaz təchizatçısına çevrilir. Ölkəmiz tezliklə Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına növbəri səfəri Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün yeni əməkdaşlıq imkanlarının yaratmasına gətirib çıxaracaqdır.

Bu il Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Cənab Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsinə böyük təkan vermişdir.Prezidentin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də, həm də mühüm geosiyasi və geoiqtisadi hadisədir.Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verməklə yanaşı qitənin enerji təhlükəsizliyinə də böyük fayda verəcək. Bu isə, şübhəsiz ki, ölkəmizin mövqelərinin, təsir imkanlarının daha genişlənməsinə zəmin yaradacaq.Avropa İttifaqına üzv olan bəzi ölkələrin, xüsusilə də Fransanın Cənubi Qafqazda sərgilədiyi destruktiv siyasətin fonunda rəsmi Bakının məharətli diplomatik gedişi kimi də qiymətləndirilə bilər. Səfər eyni zamanda Azərbaycanla Aİ-yə üzv olan bəzi iddialı dövlətlərin təmsil olunduqları ittifaq çərçivəsində belə öz öhdəliklərinə və prinsiplərinə nə dərəcədə sadiq qaldıqlarını müqayisə etmək üçün də geniş imkanlar yaradır.Bolqarıstan-Azərbaycan əlaqələri bundan sonra da birgə əməkdaşlıq şəraitində inkişaf edəcəkdir. Hər iki ölkə arasında iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar mövcuddur. Ona görə də Bolqarıstanla əməkdaşlığın yeni imkanları araşdırılacaq və dost ölkənin şirkətləri daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə