"Praqa görüşünü Azərbaycanın siyasi-diplomatik uğuru hesab edirəm" - POLİTOLOQ ŞƏRH ETDİ

"Praqa görüşünü Azərbaycanın siyasi-diplomatik uğuru hesab edirəm" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistandan fərqli olaraq Azərbaycan bütün tərəflərin vasitəçiliyi ilə danışıqlara və görüşlərə gedir, Qərbdə də danışıqlarda heç bir müdafiəçiyə də ehtiyacı yoxdur, çünki haqlı və güclü tərəfdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan güclü tərəf olduğuna görə Qərbdə çalışırlar ki, bu situasiyanı dəyişsinlər: "Praqada keçirilən görüşdə Türkiyə və Azərbaycan bir daha Ermənistana əlini uzatdı, düşünürəm ki, Ermənistan bu şansı dəyərləndirməlidir. Təəssüf ki, Fransa vasitəçilik prosesində neytral mövqedən çıxış etmir, hətta Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prosesinə əngəl olmağa çalışır. Bunu Fransa prezidenti Emmanuel Makronun Praqada keçirilən son sammit zamanı davranışlarından açıq görmək olurdu. Fransa Ermənistanın əsas havadarı kimi çıxış edir və bölgədə qarşılıqlı anlaşma və sülhə heç bir əməli dəstək göstərmir. Fransanın Qarabağ məsələsində nümayiş etdirdiyi qərəzli və ermənipərəst mövqeyini və son danışıqlarda da bu addımlarının qarşısını məhz Prezident İlham Əliyevin prinsipiallığı almışdır. Bu nəinki indi, əvvəlki Fransa prezidentlərinin dövründə də baş vermişdir. Fransa yaxşı anlayır ki, artıq qərar vermək zamanıdır və Ermənistan prosesi bundan artıq uzada bilməyəcək, çünki Azərbaycan əsgəri daha əvvəlki kimi keçmiş 7 rayon ərazisindəki təmmas xəttində deyil, birbaşa Ermənistana yaxın ərazidə dayanıb. Belə vəziyyət artıq Ermənistan üçün çıxılmaz vəziyyətdir və qərar verməlidir. Azərbaycanın mövqeyi güclüdür və onun bu mövqeyini dünyanın aparıcı super dövlətləri dəstəklədiyinə görə Prezident İlham Əliyev bu danışıqlarda bizim milli maraqları inamla müdafiə edir. Bu baxımdan mən Praqa görüşünü Azərbaycanın siyasi-diplomatik uğuru hesab edirəm".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə