"Qısa bir vaxtda sülhün əldə edilməsi qeyri-mümkündür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Qısa bir vaxtda sülhün əldə edilməsi qeyri-mümkündür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Həm Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında, həm bu gün Praqada baş tutan dördtərəfli görüşdə, həm də Avropa İttifaqının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə əsas məqsəd regionda sülhün bərpa olunmasından ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bunun üçün də əlbəttə ki, qısa bir vaxtda sülhün əldə edilməsi qeyri-mümkündür: "Amma hər bir halda keçirilən görüşlərdə, baş tutan danışıqlarda yekun sülh müqaviləsinin detalları müzakirə edilib nəticələnməsi mümkündür. Bu da o deməkdir ki, qarşıdakı dövrdə sülh müqaviləsinin imzalanması üçün alt baza formalaşdırıla bilər. Əgər Avropa İttifaqı və Ermənistan tərəfi ortaya dəqiq nəticə qoya bilsə sülh müqaviləsi imzalana bilər. Əlbəttə ki, burada Avropa İttifaqının maraqları var. Bildiyimiz kimi enerji resurslarının Xəzərdə çox olması və Azərbaycanın Qərbə enerji nəql etməsi onlar üçün faydalıdır. Nəzərə almalıyıq ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın Avropanı enerjisiz qoyması da məsələni daha da aktuallaşdırdı. Düşünürəm ki, belə bir vəziyyətdə Azərbaycan ilə Ermənistan arasında sülh ilə bağlı dəqiq bir nəticə ortaya qoyulmalıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə