Cəbrayıl rayonunun ərazisi hər qarış vətən torpağı kimi bizim üçün çox dəyərlidir. Bununla yanaşı yerləşdiyi coğrafi mövqe, maddi və mənəvi sərvətləri bu rayonu daha da dəyərli edir. Erməni işğalından öncə zəhmətkeş insanları və bərəkətli torpaqları sayəsində Cəbrayıl rayonu gündən- günə inkişaf edir, əhalinin maddi rifah halı yaxşılaşırdı.1988-ci ildən başlayaraq çirkin niyyətlərini biruzə verən ermənilər Cəbrayıl rayonuna da göz dikmişdilər. Nəhayət 1993-cü il avqust ayının 23-də mənfur düşmənlərimiz tərəfindən Cəbrayıl rayonu da işğal edildi. İşğal edilən bütün ərazilərdə olduğu kimi, ermənilər bütün yaşayış məntəqələrini dağıdıb, mədəni, tarixi, dini abidələri viran qoydular. Cəbrayıl rayonunun işğalı nəticəsində torpaq itkisi ilə yanaşı İranla sərhəddimizin bir hissəsinə nəzarəti də itirdik.
Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən sonra Horadiz əməliiyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir. 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun əks-hücumu ilə Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi tam nəzarətə götürüldü. Bu, həm gələcək Zəfərimizin, həm də Böyük Qayıdışın başlanğıcı idi.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatlarına başlayaraq yarımçıq qalan işi tam reallaşdırdı. Ordumuz Vətən Müharibəsinin ilk günlərindən inamla irəliləyərək torpaqlarımızı işğaldan azad etməyə başladı. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıllıların erməni silahlılarına qarşı illərcə əliyalın müdafiə etdiyi Cəbrayıl rayonu qısa zamanda, 2020-ci ili oktyabrın 4-də Müzəffər ordumuzun şücaəti nəticəsində erməni işğalından azad edildi. Bu uğur, Azərbaycan əsgərinin qələbə əzminin, ermənilərin isə qorxaqlıqlarının bariz nümayişi idi.Cəbrayıl rayonunun işğaldan azad edilməsi, hərbi-strateji baxımdan da xüsusi əhəmiyyətə malik idi. Müharibənin sonrakı mərhələlərində Azərbaycan Ordusunun Xocavənd rayonu, strateji Hadrut qəsəbəsi, Zəngilan, Qubadlı və Laçın rayonları itiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yarandı. Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğulların şücaəti gələcək nəsillər üçün örnək olacaq.
Akif Əliyev,
YAP Ağcabədi rayon təşkilatının mühasibi
Bütün xəbərlər Facebook səhifəmizdə