Sergey Markov: Ermənistan belə getsə Zəngəzuru da itirəcək - ŞƏRH

Rusiyanın nüfuzlu ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov “Caliber” analitik mərkəzinə müsahibəsində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və digər hakimiyyət fiqurları Rusiyanı Ermənistana dəstək verməyə məcbur etməyə çalışırlar. Əks halda Moskvanın “Qafqazdakı forpostu”nu itirəcəyi proqnozlaşdırılır.

Paşinyanın Ermənistanın İctimai telekanalına verdiyi son müsahibəni şərh edən politoloq vurğulayıb ki, Yerevan bununla faktiki olaraq Rusiyaya ultimatum təqdim edir- əgər o, İrəvana ciddi dəstək verməsə, o zaman Ermənistan Rusiyanın müttəfiqləri sıralarını tərk edəcək.

“Bundan başqa, İrəvan praktiki hərəkətlərlə ABŞ və Fransanın timsalında Rusiya Federasiyasının düşmənləri ilə müttəfiqlik münasibətləri qurur. Problem ondadır ki, Ermənistan 30 il əvvəl zəbt etdiyi Azərbaycan ərazilərini itirir, əslində İkinci Qarabağ Müharibəsi nəticəsində onların əksəriyyətini artıq itirib. Aydındır ki, Azərbaycanın daha güclü ordusu yaxın gələcəkdə Qarabağda qalan bütün əraziləri geri qaytaracaq. Çox güman ki, bu, 2020-ci ilin noyabrında imzalanmış hazırkı üçtərəfli bəyannamənin müddətinin başa çatdığı 3-cü ildən sonra baş verəcək. Ancaq bunun daha əvvəl baş verməsi mümkündür. Bu və ya digər şəkildə bu müddət yaxınlaşır və Ermənistan ordusu xeyli zəifləyib, döyüşə bilməyəcək və sarsıdıcı məğlubiyyətə uğrayacaq. Nəticədə Paşinyanın taleyinə həsəd aparmaq olmaz- onu bəzi erməni millətçiləri asanlıqla məhv edə bilər”.

Rusiyalı ekspertin fikrincə, Ermənistan indi onun tərkibində olan digər əraziləri də itirə bilər: “Xüsusilə, söhbət Naxçıvanı bölgəsini Azərbaycanın əsas hissəsi ilə, ümumiyyətlə Azərbaycanı Türkiyə ilə birləşdirdiyi üçün strateji əhəmiyyət kəsb edən Zəngəzurdan gedir. Lakin Zəngəzur vasitəsilə Ermənistan İranla birləşir və logistik blokadada olduğu üçün bu ölkə üçün ən mühüm çıxış yollarından biridir. Bu şəraitdə Ermənistanın strateji xətti öz maraqlarını başqası, daha böyük dövlət tərəfindən müdafiə etməkdir, çünki o, öz maraqlarını təkbaşına qoruya bilməz. Əvvəllər İrəvan Moskvaya ümid edirdi, lakin Rusiya Azərbaycana qarşı və Ermənistanın maraqları üçün mübarizə aparmaqdan imtina etdi. Moskva bu məsələdə neytral mövqe tutmağa üstünlük verir və Azərbaycana daha meyllidir. Onu da demirəm ki, əslində KTMT üzvlərinin əksəriyyəti Bakının tərəfindədir. Nəinki Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi müsəlman əhalisi olan ölkələr, hətta xristian pravoslav Belarusiya da. Minsk Qarabağ məsələsində Azərbaycanı dəstəkləməyə meyllidir.

Və belə bir şəraitdə Ermənistan öz əvəzinə rus əsgərlərini döyüşə göndərə bilməyəndə Fransa və Amerika hərbçilərini cəlb etmək qərarına gəlib. Və ya onların bəzi kiçik müttəfiqlərini. Paşinyanın bu strategiyasını isə Fransa və ABŞ-da nüfuzlu erməni icmalarının olması faktı daha da gücləndirir. Demək olar ki, bu gün ABŞ-ın və Fransanın mövqeyi dünyanın ən ermənipərəst mövqeləridir. Qarabağla bağlı ATƏT-in Minsk Qrupunda ABŞ və Fransa amili də rol oynayır. Baxmayaraq ki, hazırda bu qrup fəaliyyətinin tam uğursuzluğuna görə faktiki olaraq mövcud deyil, amma o, formal olaraq hələ də buraxılmayıb, Vaşinqton və Paris Minsk Qrupunun işini bərpa etməyə çalışırlar”.

Sergey Markov hesab edir ki, Ermənistanın hazırkı siyasəti üçün daha bir mühüm amil Paşinyan və onun komandasının üzvlərinin açıq şəkildə qərbyönlü oriyentasiyaya riayət etməyə və Rusiyadan narazılıq nümayiş etdirməyə başlamasıdır: “Üstəlik, Ermənistan vətəndaşlarının belə geosiyasi dönüşü çox bəyəndiyi görünür. Adətən Rusiya Federasiyasına sadiq olan erməni cəmiyyətində Moskvada müəyyən məyusluq var. Yenə ona görə ki, Rusiya öz əsgərlərini Ermənistanın maraqları uğrunda döyüşə göndərməkdən imtina edib. Ona görə də Rusiya əleyhinə çıxış edən Paşinyan heç nəyi riskə atmır- indi baş nazirin anti-Rusiya fikirlərinə baxmayaraq, bu, artıq o qədər də təhlükəli deyil”.

Eyni zamanda, rusiyalı politoloq vurğulayır ki, istənilən ümumi strateji kursun əsası olmalıdır və Paşinyanın Rusiyaya qarşı müxtəlif iddiaları bu kursun əsaslandırılması kimi qiymətləndirilə bilər: “Ermənistanın baş naziri bu əsaslandırmaları hər zaman tapacaq. Üstəlik, son aylarda Rusiyanın Ermənistanı dəstəkləməməsi ilə bağlı iddialar kifayət qədər realdırsa, o zaman ümumi iddialar da var, xüsusən də onun Rusiya silahları ilə bağlı açıqlaması. Rusiya onilliklər ərzində Ermənistana ucuz qiymətə silah satıb. Bəs o, Paşinyandan nə cavab aldı? İrəvan Hindistandan silahı baha qiymətə, bəlkə də fransızların pulu ilə, həm də tam ödəməklə almağa qərar verdi.

Və görünür, Paşinyandan belə iddialar durmadan çoxalacaq. Amma Moskvanın siyasi tələbi dəyişməz olaraq qalır- ya əsgərlərinizi erməni maraqları uğrunda döyüşə göndərin, ya da biz KTMT-dən çıxırıq. Belə bir şəraitdə, şübhəsiz ki, Rusiyada Qarabağın bütün ərazisini qaytarmaq, Zəngəzur dəhlizini açmaq kimi ədalətli niyyətində Moskvanın Azərbaycanı dəstəkləməsinə yönəlmiş ictimai rəy formalaşacaq. Baxmayaraq ki, təbii ki, Rusiya cəmiyyətində çox nüfuzlu ermənipərəst qüvvələr var, Rusiyadan ermənilərin çağırışlarına əməl etməyi və öz əsgərlərini Ermənistanın maraqları uğrunda döyüşə göndərməyi tələb edirlər. Amma biz belə adamları Rusiyaya qarşı satqınlar, Rusiyanın hakimiyyət sistemi və mediası daxilindəki qəzəbli erməni kolonnasının nümayəndələri hesab edirik”.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə