“Paşinyan danışıqları danışıqlar naminə aparır” AÇIQLAMA

“Ermənistan iqtidarının Azərbaycanla sülh danışıqlar ətrafında sərgilədiyi mövqe qeyri-konstruktiv olmaqla yanaşı substantiv danışıqların tələb və təkliflərindən uzaq, imitativ məzmun və xarakter kəsb edir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Elşən Manafov bildirib ki, rəsmi İrəvan Azərbaycan Prezidentinin irəli sürdüyü 5 məlum şərt daxilində danışıqlara hazır olduğunu bəyan etsə də, işdə danışıqların gedişinə mane olan təxribatçı hərəkətlərindən əl çəkmir: “Məqsəd isə bəllidir, Ermənistan məğlubiyyətini etiraf etmək istəmir, müharibədəki məğlubiyyətin doğurmuş olduğu beynəlxalq və ölkə daxili rezonansı görməzdən gəlir, informasiya müharibəsini yeni mərhələyə çıxartmaqla danışıqlarda onun xeyrinə dəyişə biləcək vəziyyətin formalaşmasına cəhd göstərir. Ölkə daxilində Paşinyan iqtidarına erməni müxalifəti və əhalinin narazı elektoratı tərəfindən olan təzyiq, habelə geosiyasi faktorlar, ABŞ və Rusiya arasında seçim amili hazırda Paşinyanın danışıqlarda etdiyi mövqe davranışlarının əsas səbəblərindəndir”.

Politoloq onu da bildirib ki, Azərbaycanla yekun sülh müqaviləsinə, habelə sərhədlərin demarkasiyası ilə bağlı danışıqlarda hər hansı razılığa gəlmə perspektivinə Paşinyan çox böyük ehtiyatla yanaşır: “Müxalifətdəki millətçi kəsim tərəfindən satqın siyasətçi adi ilə damğalanma ehtimali, habelə ABŞ və Rusiya tərəfindən getdikcə güclənməkdə olan təzyiq dalğası Paşinyanın aydın və birmənalı mövqe nümayiş etdirməsinə imkan vermir. Odur ki, Paşinyan danışıqları danışıqlar naminə aparır. Onların xəmirinə ikili standartların toxumlarını qatmağa səy göstərir. Yeni dünya nizami uğrunda kəskin geosiyasi qarşıdurmanın gedişatını izləyən Paşinyan sonda hansı tərəfin qalib gələ biləcəyini müəyyənləşdirə bilmədiyindən onlarla münasibətləri "kim kimə üstün gəlsə mən də tərəfdarıyam konteksində qurmağa çalışır, məhz buna görədir ki, Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu bəyan etməklə yanaşı, onun daxili və suveren hüququna aid olan Qarabağın təhlükəsizliyi ilə əlaqədar məsələləri danışıqların müzakirə predmeti kimi qalmasına çalışır, danışıqların birbaşa deyil, tərəflər arasında ATƏT Minsk qrupunun vasitəçiliyi ilə aparılması ilə bağlı mövqelərdən çıxış edir. Təmas xəttində isə erməni təxribatı ilə danışıqları dalana dirəmək və buna görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə