Vətən müharibəsinin ilk böyük qələbəsi

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən müharibəsi qələbələri sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. 2020-ci ilin 4 oktyabr günü həm xalqımız, həm də cəbrayıllılar üçün yaddaqalan bir gündür. Çünki oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Artıq şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. Həmin tarixi günü cəbrayıllılar fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıq Cəbrayıllılar rayonun 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi qeyd edirlər.

İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi ki, indi həmin şəhərdən, qəsəbə və kənddən heç nə qalmayıb, hər şey yerlə-yeksan edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 52000 nəfər əhalisi olan, 1050 kv.km-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb.

İşğal nəticəsində Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi”, "Canqulu” və "Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz”, Sirik kəndindəki "Qala”, Diri dağındakı "Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı”, Şıxlar kəndindəki "Dairəvi Türbə”, Xubyarlı kəndindəki "Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Bu gün Cəbrayılın azad olunması isə Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Cəbrayıla Böyük Qayıdışın başlanğıcı hələ 2016-cı ilin aprelində qoyulmuşdu. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrında Cəbrayıl rayonunun Böyük MərcanlıNüzgar kəndlərini, 3 oktyabrdaMehdili, Çaxırlı, Aşağı Maralyan, ŞəybəyQuycaq kəndlərini, 4 oktyabrda isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdilər. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad olundu. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Ən əsası da bu gün azad olunan ərazilərə üçrəngli Azərbaycan Bayrağı sancılıb ki, qürurla dalğalanmaqdadır.

Səltənət Möhsünlü

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə