Azərbaycan-Bolqarıstan sıx dostluq və qarşılıqlı hörmət münasibətlərinə malikdir

“Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq”. Bu fikir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı səsləndirilib. Ölkə başçımızın da vurğuladığı kimi, 2022-ci ilin fevral ayından etibarən dünyanın sürətlə dəyişdiyi, bir çox dövlətlərin milli təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar ciddi təhlükələrlə üz-üzə qaldığı aşkar reallıqdır. Üstəlik, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa da yaranan ciddi enerji böhranı sadəcə Avropa ilə də məhdudlaşmır, digər ölkələrdə də bununla bağlı təlatümlər yaşanır. Bu gün neft və qazın yüksələn qiymətləri bütün dünyada sözün əsl mənasında xaosa səbəb olub. Hələ ki, bu barədə nikbin proqnozlar vermək isə xəyalpərstlikdən başqa bir şey deyil. Belə bir böhran və qaza olan yüksək tələbat şəraitində dövlətlərin etibarlı tərəfdaş axtarışında olması isə təbii zərurətdir. Elə bu məqamda, ölkəmizi Avropa üçün ən etibarlı tərəfdaş, sözü də imzası qədər keçərli olan partnyor olaraq xarakterizə etmək mümkündür. Dövlətimizin uzun illərdir ki, apardığı məqsədyönlü və dəqiq siyasət hazırda onu bu səviyyəyə qaldırmışdır. Dövlət başçımızın bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dediyi kimi, “Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib”. Bəli, Azərbaycan öz vədinə, verdiyi hər bir sözə sadiq olan nadir dövlətlərdən biri olaraq bu gün dünyada özünə layiqli hörmət qazanıb. Ölkəmiz və onun lideri bu səbəbdən hazırda Aropada ən arzuolunan şəxslərdən biridir. Qeyd etmək vacibdir ki, bu fikirlər daxili auditoriyadan çox xaricdə səsləndirilən fikirlərdir. Buna sübut kimi bir neçə gün öncə dövlət başçımızın Bolqarıstana rəsmi səfəri zamanı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində səsləndirilən bir neçə fikrə diqqət edək: Serbiya Prezidenti Aleksandar Vuçiç: “Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”; Bolqarıstan Prezidenti Rumen Radev “Nəhayət ki, 10 ildən çox bundan əvvəl Prezident Pırvanovla əldə edilən razılaşmaya sadiq qalan Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var”; Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis: “Bu kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql olunacaq və əlbəttə ki, bu, regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə təbii qaz şəbəkəsinin inkişafına töhfə verəcək”.

Ölkə başçımızın 30 sentyabr tarixində başlayan Bolqarıstan səfərinin detallarına yaxından nəzər salaq. Azərbaycan Prezidenti burada Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib, mətbuata bəyanatlarla çıxış edib və bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb. Əlavə olaraq cənab İlham Əliyev Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke və Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə də görüşüb.
Dövlət rəhbərimiz mətbuat konfransında Azərbaycan və Bolqarıstanın dost və strateji tərəfdaş olduğunu bildirərək, ölkələrimiz arasında siyasi münasibətlərin davamlı inkişaf etdiyini vurğuladı. Həqiqətən də sözügedən iki ölkə bir-biri ilə ənənəvi dostluq və səmimi əməkdaşlıq münasibətlərinə malikdir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin də dediyi kimi, Azərbaycan Bolqarıstan üçün arzuolunan və etibarlı tərəfdaşdır. Dövlət başçımızın nitqinin diqqət çəkən başlıqlarından biri də Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasının müzakirə edildiyini bildirməsi oldu. Vurğulandı ki, Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artırsın və tərəfdaşlarını təbii qazla təmin etsin. Daha sonra Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin əhəmiyyəti vurğulandı. Daha bir vacib başlıq SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsi idi. Azərbaycan Prezidenti bunun vaxtının çatdığını bildirdi. Mətbuat konfransında iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla yanaşı digər səhələrdə də əməkdaşlıq imkanlarının axtarıldığı vurğulandı.
Beləliklə, Azərbaycan Prezidentinin Bolqarıstan Respublikasına rəsmi səfərinin nəticələri iki ölkə üçün də olduqca qənaətbəxşdir. Ümumiyyətlə, Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıqlar isə hər iki ölkə üçün yeni imkanlar açmaqdadır.

Səməd Əhmədov

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə