Sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olaraq tarixə iz saldı. Bu günlər ərzində Azərbaycan xalqının hər bir fərdi siyasi baxışından, sosial vəziyyətindən, milliyətindən, cinsindən asılı olmayaraq öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bir amal ətrafında birləşən xalq-ordu və iqtidar 30 il ərzində düyünə çevrilən Qarabağ münaqişəsini qısa müddət ərzində həll etdi. Üstəlik, bu döyüşlərin yalnız döyüş meydanında aparılmadığı reallığı da hər kəsə məlumdur. Azərbaycan cəbhədə aparılan döyüşlərə paralel olaraq informasiya və diplomatiya müharibəsi də aparırdı. Müharibədən iki il keçdiyi bu günlərdə qürurla deyə bilərik ki, Azərbaycan bütün bu sınaqlardan üzüağ çıxdı. Hər bir masadan qalib kimi qalxmağı bacardı.
Müharibənin ilk günündən etibarən cəbhədən daim xoş xəbərlər eşidir, Ordumuzun addım-addım irəlilədiyinin şahidi olurduq. Cəbhədən gələn ilk böyük qələbə xəbəri isə 04 oktyabr 2020-ci il tarixinə təsadüf etdi. Prezident İlham Əliyev həmin gün Azərbaycan xalqına müraciət edərək Cəbrayıl şəhərinin və Cəbrayılın bir neçə kəndinin işğaldan azad olunduğu xəbərini verdi. Sözün əsl mənasında qürur, fərəh, sevinc hislərinin zirvəyə çıxdığı bu anlar Azərbaycan xalqının “məğlub xalq” sindromumdan sıyrıldığı möhtəşəm anlar idi. Cəbrayıl şəhəri 27 il sonra düşmən tapdağından azad olunaraq öz doğma sakinlərinin yolunu gözləməyə başlamışdı. Amma təəssüf ki, işğal Cəbrayılın simasını tamamilə dəyişmiş, uğradığı vandalizm əzəli şəhərimizi yer üzündən tamamilə silmişdi. Ehtimal ki, düşmən törətdiyi bu dağıntılarla Azərbaycan xalqının geri dönməməsinə çalışmışdı. Ancaq onlar anlamırdılar ki, biz Vətənimizin hər bir parçasını, daşını, torpağını sevirik. Biz yerlə-yeksan olan ərazilərimizi yenidən bərpa etmək, qurub yaratmaq əzmindəyik. Hətta o torpaqlarda bir daxma belə yoxdusa da onlar bizim əzəli yurd yerimizdi. Biz 30 illik işğal dövründə, müharibə və post-müharibə zamanlarında daim Qarabağımıza, Zəngəzurumuza can atmışıq. Əsla işğalla barışmamışıq. Məhz bu səbəbdən hətta o torpaqları heç vaxt görməyən gənclərimiz belə Vətən müharibəsində canından keçdi, yaralansa da, şəhadətin bir astanasında olsa da yenə cəbhəyə can atdı. Çünki Azərbaycan xalqı belə bir xalqdır. Vətənini anası qədər sevən, haqq mücadiləsi apardığını yaxşı başa düşən, torpaq həsrəti ilə qəlbi yanan bir xalqın, Ordunun qarşısında heç kim dayana bilməzdi. Və belə də oldu. 30 il həmin torpaqlarda möhkəmlənən, istehkamlar, bariyerlər quran, bu istehkamların “keçilməz”liyindən qürrələnən düşmən sonda qaçmağa, təslim olmağa məcbur oldu. Bir vaxtlar bizi “yeni torpaqlar üçün yeni müharibə ilə hədələyən” Ermənistan hərbi rəhbərliyi 44 günlük müharibənin elə ilk həftəsində “köhnə torpaqlar üçün aparılan yeni müharibəyə” şahidlik etdi və gördü ki, Vətən sevgisi, yurd sevgisi necə olur. Gördü ki, hər bir əsgər necə yenilməz bir qəhrəmana çevrilir. Gördü ki, onların uydurmalarla formalaşdırdığı “yenilməzlik” mifi necə günlər ərzində yerlə-yeksan olur. Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə başlayan, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət Şuşanın işğaldan azad edilməsi ilə davam edən Vətən müharibəsi beləliklə 27 il kağız üzərində qalan ədaləti bərpa etdi. Bu gün azad edilmiş ərazilər bərpa olunur, minalardan təmizlənir və əhalinin öz torpaqlarına qaytarılması ilə bağlı sürətli işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə qısa müddət keçməyinə baxmayaraq quruculuq bərpa işləri sürətlə davam edir. Ölkə başçısı Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərində həmin torpaqlarda erməni vandalizminin izləri sürətlə silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir.
Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB