Ömrünü xalqına həsr edən Dahi Şəxsiyyət. ŞƏRH

Ömrünü xalqına həsr edən Dahi Şəxsiyyət. ŞƏRH

Tarix güclü, qüdrətli şəxsiyyətləri həmişə sevir, əbədiləşdirir və daima ürəklərdə yaşadır. O şəxsiyyətləri ki, onlar böhranlı anlarda meydana çıxır və qəlbini məşələ çevirərək xalqının önündə gedir, onu zülmətdən, ətalətdən, əsarət girdabından çıxarır. Xalqına doğru, düzgün yol göstərir və məhv olmaqdan xilas edir. Ona görədə xalqın qəlbində əbədi yaşayır. Tarixin Azərbaycan xalqına bəxş etdiyi belə qüdrətli şəxsiyyət əsl qurucu, memar və xilaskar ulu öndər Heydər Əliyevdir. Bu mənada Azərbaycan xalqını xoşbəxt hesab etmək olar.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya Respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalniz ulu öndər Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o vaxtki hakimiyyət özü də xilas üçün sonda ulu öndər Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.

1993-cü il oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini qazanan Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər Azərbaycanı inkişafa aparan yolun ilk pilləsi kimi mühüm önəm daşıdı. Ulu Öndər Prezident seçildikdən sonra ölkəmizin hüquqi və siyasi-iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdı. Məhz Ulu Öndərin səyləri nəticəsində Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son verilərək dayanıqlı inkişafın əsası qoyuldu. Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması, vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır. Respublikamız demokratik dəyərlərin bərqərar edilməsinə görə nümunə göstərilir. Ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışı daha çox Azərbaycan mədəniyyətinin, təhsilinin, elminin, ədəbiyyatının, ən başlıcası ana dilimizin nicat tapması deməkdir. Bu, bir səadətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyev də həmin ənənələri böyük uğurla davam etdirir.

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə