DAHİ ŞƏXSİYYƏT – ÜMUMMİLLİ LİDER ŞƏRH

DAHİ ŞƏXSİYYƏT – ÜMUMMİLLİ LİDER ŞƏRH

Heydər Əliyevin dövlət xadimi, ölkə rəhbəri kimi uğurunun kökündə yüksək şəxsiyyət olması faktoru dayanır. Heydər Əliyev şəxsiyyət kimi yüksək liderlik keyfiyyətlərinə malik idi. Hər bir şəxsiyyət lider olmur. Ancaq Heydər Əliyev dünya səviyyəsində xarizmatik lider idi. Ulu öndər usta diplomatik addımları ilə ən güclü dövlətlərin başçılarını belə ram edə bilirdi. Bu cür faktlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə kifayət qədərdir. Həmin danışıqlarda ABŞ, Rusiya və Fransanın dövlət rəhbərləri, təcrübəli diplomatlar, nazirlər iştirak edirdilər və həmin insanlarla Heydər Əliyev gərgin mübarizə apararaq Azərbaycan dövlətinin maraqlarını təmin edirdi.

Bütün bu misallarda Heydər Əliyevə yüksək sayğı nümayiş etdirilməsi dünya liderlərinin onun şəxsiyyətinə, liderlik keyfiyyətinə böyük hörmətlə yanaşmasının nəticəsi idi. Sözün həqiqi mənasında Heydər Əliyevin şəxsiyyət kimi yüksək keyfiyyətləri mükəmməl şəkildə onun liderlik qabiliyyətində öz ifadəsini tapmışdı.

Elmdə şəxsiyyətin liderliyinin müəyyən aspektləri araşdırılıb. Bu bağlılıqda şəxsiyyətin iradi və psixoloji özəllikləri ayrıca vurğulanır. Lakin onlarla yanaşı, analitik təfəkkür, çevik qərar qəbul etmək və dürüst olmaq kimi faktorlara da yüksək qiymət verilir. Heydər Əliyev lider kimi verdiyi vədlərin hər birinə dəqiq əməl edib. Onunla danışıqlar aparan hər bir siyasi lider bu özəlliyi ayrıca vurğulayır. Sözün bütövlüyü hər bir siyasi lider üçün çox önəmlidir, çünki bununla onun etibarlılıq səviyyəsi müəyyən edilir. Təbii ki, belə bir keyfiyyətə yalnız yüksək siyasi iradəsi olan insanlar malik olurlar.

Təbii ki, şəxsiyyətin kamilliyinin mühüm bir aspektini də müdriklik təşkil edir. Heydər Əliyev çox müdrik siyasətçi və lider idi. Platon müdrikliyi xeyirxahlıq və ədalətlə əlaqələndirirdi. Heydər Əliyev hər iki keyfiyyətə yüksək səviyyədə malik idi. Ədalətli olmaq haqdandır. Ulu öndər daim ədalətli və xeyirxah olanı edirdi. Əlbəttə, bütövlükdə Azərbaycan xalqı müdrikdir. Lakin xalq müdrikliyindən siyasi müdrikliyə yüksəlmək xüsusi qabiliyyət və istedad tələb edir. Bu baxımdan Heydər Əliyev öz xalqının mənəvi, tarixi, əxlaqi dəyərlərinə böyük diqqətlə yanaşırdı.

Cavid İsmayilov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə