Şəhidlərimizə olan böyük ehtiramın göstəricisi ŞƏRH

Şəhidlərimizə olan böyük ehtiramın göstəricisi ŞƏRH

27 Sentyabr – Anım Günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etməsi rəmzi məna daşıyır. Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələrinin qoyulması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir.Vətən müharibəsinin ilk günündə Qaraxanbəyli kəndi işğaldan azad olunub və biz ilk şəhidlərimizi bu ərazidə vermişik. Prezident İlham Əliyev xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Xalqımız bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə bu gün quruculuq işləri həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev hərbçilərin qəhrəmanlığını xüsusi vurğuyıb: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.

Prezident İlham Əliyev çıxışında bir daha qarşı tərəfə mesaj verdi. Bu da ondan ibarətdir ki, bir daha düşmənin baş qaldırmasına, bizim üçün təhdid yaratmasına imkan verilməyəcək. Əgər belə hal yaranarsa, Azərbaycan lazımi cavab verəcək. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. Sentyabrın 12-13-də Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması buna sübutdur.Dövlətimizin başçısı Qarabağdan bu xəbərdarlıqları məhz Ermənistanın son revanşist davranışlarının, Ermənistanı himayə edən Fransa kimi dövlətlərin ermənipərəst çağırışlarının ardınca səsləndirdi, bu da təsadüf sayıla bilməz. Azərbaycan Prezidenti həm düşmənə, onun himayədarlarına qəti sözünü demiş oldu, həm də xalqımıza savaşın hələ bitmədiyi, daim ayıq-sayıq olmağımızın, birliyimizə xələl gətirməyə çalışanlara sərt mövqe sərgiləməyimizin zəruriliyini çatdırmış oldu. Son 12-14 sentyabr təxribatı və sonrakı günlərdə yenə mövqelərimizin atəşə tutulması Ermənistanda hələ də revanşist qüvvələrin mövcud olduğundan və ölkənin kənar qüvvələr tərəfindən növbəti təxribatlara, yeni müharibəyə təhrik edildiyindən xəbər verir. Ordumuz növbəti təxribatlara ən sərt şəkildə cavab verəcək. İşğalçı Ermənistanın yenə sərhəddə genişmiqyaslı təxribata əl atması halında şanlı Azərbaycan Ordusunun düşmənin qarşısını daha sərt və təsirli şəkildə alacağı şübhəsizdir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə