"Hərəkət azadlığı hüququ məhduddur" - Ramil İskəndərli

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən “İnsani dəyərlərin qiymətləndirilməsi” adlı konfransda iştirak edib. SİA xəbər verir ki, Ramil İskəndərli konfransda “Hərəkət azadlığı” mövzusunda çıxış edərək bildirib ki, “Hər bir insanın sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququ vardır.
2020-ci ildə Qarabağda baş vermiş 44 günlük müharibədən sonra regionumuz münaqişələrin hər iki tərəfi olan Ermənistan və Azərbaycandan olan qaçqınların, məcburi köçkünlərin və geri qayıdanların sərbəst hərəkəti problemi ilə üzləşib.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya qüvvələri ermənilərin köçürülməsi prosesində Ermənistana dəstək verərkən, azərbaycanlı məcburi köçkünlər Qarabağın bir müddət əvvəl işğaldan azad edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi piyada əleyhinə minalarla bağlı görünməmiş problemlərlə üzləşiblər.

Bu problemlər yaşayış yerini sərbəst seçmək və geri qayıtmaq hüququnun həyata keçirilməsinə birbaşa təsir göstərmişdir. Hərəkət azadlığı hüququ isə məhduddur".

Ramil İskəndərli həmçinin bildirib ki, “Müharibədən sonra da Azərbaycanın Laçın rayonunda piyada əleyhinə minalar aşkar edilir. Piyada əleyhinə minaların istehsalı, saxlanması, daşınması və istifadəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi ilə qadağan edilir.
Nəhayət, mən beynəlxalq ictimaiyyətə, xüsusən də Azərbaycanda minalanmış sahələrin təmizlənməsində, minalarla bağlı maarifləndirmə proqramlarının həyata keçirilməsində və minaya düşmüş insanların reabilitasiyasına dəstək verən BMTİP, Aİ və Böyük Britaniya hökumətinə təşəkkür etmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə