Azərbaycan xalqı zəngin irsinə yeni şərəfli səhifə yazdı ŞƏRH

27 sentyabr 2020-ci il. Bu tarix xalqımızı şanlı zəfərə aparan yolun başlanğıcı oldu. Vətən uğrunda haqq savaşımız başladı bu tarixdə. Öz haqqımız – düz 30 il qara bağlayan Qarabağımız uğrunda bir an belə, düşünmədən döyüşə atıldı on min illərlə hünərli,qeyrətli oğullarımız.Yazdığı qəhrəmanlıq salnaməsi ilə bütün dünyaya göstərdi Azərbaycanın qüdrətini, gücünü, birliyini. Müstəqilliyimiz, torpaqlarımızın toxunulmazlığı uğrunda gözünü qırpmadan özünü odlu-alovlu cəbhəyə atan igidlərimizi müqəddəs bir amal birləşdirirdi bu tarixdə: “biz gəldi-gedərik, təki Vətən yaşasın!” Bu amalla yaşayan təkcə igidlərimiz deyil,onlara bu cəsarəti, bu gücü verən, sıralarını möhkəm edən xalq-ordu birliyi idi həm də.Xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki,Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı,tarixi yaddaşı qoruyub saxlayan,vətənpərvər və əzmkar bir nəsil yetişdirib.

44 günlük Vətən müharibəsi gedişində cəmiyyətdə, ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs səsi-sözü ilə, milli həqiqətlərimizi çatdırmağı ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. Vətən müharibəsində qazandığımız qələbə, milli birliyimizin qələbəsi oldu, bizi həyatımızdakı 30 illik natamamlıq kompleksindən qurtardı. İllərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükdən xilas olduq. Ömrümüzdəki boşluq qələbə ruhu ilə, nigaran yurdlarımıza qovuşmağın vüsalı ilə doldu. Ona görə bu Zəfər bizim üçün dəyərli və tarixidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə xalqımız son onilliklərdə misilsiz nailiyyətlər əldə etmiş, ilk baxışdan inanılmaz görünən çox hədəflərə nail olmuşdu. 27 sentyabr günündən başlanan çətin yolun sonundakı Qələbə bunlardan ən mühümü, tarixi oldu. Əslində, bu yol Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğuna, nizami ordunun formalaşdırılmasına, ölkənin sosial-iqtisadi həyatının axarına düşməsinə doğru ilk addımların atdığı günlərdən başlamışdı. Prezident İlham Əliyevin hər diplomatik uğuru, hər möhtəşəm sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə aparırdı. 27 sentyabr illərlə zərrə-zərrə toplanan imkanlarımızın “dəmir yumruğ”a çevrilib düşmənin başına endirildiyi gündür. Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər oldu. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 18 ildə Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə