27 sentyabr - ŞƏHƏR SAKİNLƏRİNİN GÖZÜ İLƏ - SORĞU

27 sentyabr tarixi hər birimizin yaddaşına silinməz mürəkkəblə həkk olundu. Məhz həmin gün Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı və 30 illik zülmə, haqsızlığa, dünyanın göz yumduğu hərbi cinayətlərə son qoydu. Artıq 44 günlük Vətən müharibəsinin başlandığı gündən iki il ötür. Bununla bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Şəhər sakini Nigar Hüseynova: "Azərbaycan dövləti 30 ilə yaxın bir müddət ərzində öz torpaqlarından ayrı düşüb. Öz tarixi torpaqlarımız düşmən tərəfində vəhşicəsinə darmadağın edilmişdir. Amma biz torpaqlarımızı düşmən əlində qoymadıq. Qəhraman ordumuz düşmənə layiqli cavab verdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".

Şəhər sakini Elçin Abdullayev: "2 il keçməsinə baxmayaraq hələ də biz tam olaraq öz vətənimizə geri qayıtmamışıq. Çünki hələ də ermənilərin dağıtdıqları yurdumuzu abadlaşdırmağa çalışırıq. Həmin əraziləri minalardan təmizləməyə çalışırıq".

Şəhər sakini Aytən Səmədova: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm. Bu gün onların sayəsində torpaqlarımız işğaldan azad edilib. O gün olsun bütün torpaqlarımız işğaldan azad edilsin. Bu günlər dövlətimiz üçün ağır günlər idi. Amma biz bu ağır günlərin üstəsindən gəldik".

Şəhər sakini Qurban Seyfəddinov: "44 günlük Vətən müharibəsi, məhz 27 sentyabr tarixində başlayıb. Düşmən yenə öz təxribatçı əməllərindən əl çəkməyib və ordumuzun mövqelərini, günahsız sakinlərimizə raketlərlə hücum etmişlər. Neçə-neçə günahsız vətəndaşımız şəhid oldu. Amma biz Qələbə qazanaraq öz şəhidlərimizin qanını yerdə qoymadıq".

Şəhər sakini Nəsibə Quluzadə: "Bu tarix nəinki Azərbaycan tarixinə, həm də dünya tarixinə qızıl hərflərlə yazılmalıdır. Ali Baş komandan İlham Əliyevin və Azərbaycan Ordusunun gücü ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Çox şəhid verdik, çox qan axdı. Çox analar övladsız qaldı. Allah hər birinə rəhmət eləsin. Onlar ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. İndi biz torpaqlarımızı azad etsək də, yenə erməni quldurları öz təxribatlarından əl çəkmirlər. Onlara yaxşı dərs vermək lazımdır ki, bir də belə təxribatlara əl ata bilməsinlər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə