Qaraxanbəylidəki şəhidlik abidəsi qəhrəmanlıq salnaməsinin bariz nümunəsidir ŞƏRH

Prezident İlham Əliyev: "Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi"

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının işğaldan azad olunmuş ərazilərimizə etdiyi hər bir səfəri özündə bir sıra tarixi əhəmiyyətləri daşımaqdadır. Məhz Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhidlərimizin əziz xatirələrinə ucaldılan abidə də bu tarixi məqamı özündə kifayət qədər ehtiva etməkdədir. O cümlədən, Vətən uğrunda ilk şəhidlərimizin qanlarının axdığı bu yer artıq hər bir azərbaycanlı üçün unudulmaz yaddaş səhifəsidir, müqəddəs ziyarət yeridir – gənclərimiz, yeniyetmə nəslimiz məhz bu yeri ziyarət edərək vətənpərvərlik ruhu ilə uğurlu gələcəyə doğru baxacaqlar.

Əbəs deyil ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı bu abidənin yanında düşmənin səngərinin yerləşdiyini xatırladıb. SİTAT: “Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.

Hər bir Azərbaycan vətəndaşı, hər bir Vətənsevər övlad Qaraxanbəyli kəndindəki bu abidənin başında şəhidlik şərbəti içmiş oğullarımızın qarşısında baş əyir

Bəli, məhz bu istiqamət Zəfərə aparan yolumuzun keçdiyi ilk düşmən sığınacağı olub, müdafiə xətti yarılaraq qəhrəman əsgər və zabitlərimizin qələbə ruhunu müqəddəs bayrağımızla birlikdə yüksəldib. Prezident İlham Əliyevin “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı”, timsalındakı fikirləri də belə qənaətə gəlməyə əsas verir ki, şanlı Azərbaycan Ordusu öz Müzəffər Ali Baş Komandanının əmri ilə istənilən zaman düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızın toxunulmazlığını müdafiə etmək əzmindədirlər. Əbəs deyil ki, 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi, düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi.

Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir Vətənsevər övlad Qaraxanbəyli kəndindəki bu abidənin başında şəhidlik şərbəti içmiş oğullarımızın qarşısında baş əyir və onlara uca Allahdan rəhmət diləyir. Yazılan bu tarixi salnamə isə bütün dünyaya sübut edir ki, ölkəmizin bütövlüyü və suverenliyi bundan sonra heç vaxt təhlükə altında qalmayacaq. Hər bir azərbaycanlı sarsılmaz xalq-dövlət faktoru ətrafında daha da sıx birləşərək növbəti zəfərlərə, qələbələrə doğru inamla, əzmlə addımlayacaqdır.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə