“DSX-də işğal altındakı torpaqların azad edilməsinə hazırlığa 2005-ci ildən başlanılıb” - DSX RƏİSİ

“İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin yaratdı”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib.

“Vətən Müharibəsində qazandığımız Böyük Zəfərin müəllifi və yaradıcısı, siyasi, diplomatik və hərbi müstəvilərdə atdığı ardıcıl, məqsədyönlü addımlar sayəsində bu qələbəni gerçəkləşdirən, xalqımıza qalibiyyət sevincini yaşadan şəxs - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir.

Silahlı Qüvvələrimizin, o cümlədən də Dövlət Sərhəd Xidmətinin 44 günlük Vətən müharibəsində göstərdiyi ciddi nəticələrin özülünü də məhz Müzəffər Ali Baş Ko-mandanımızın qarşımızda qoyduğu tapşırıqların doğru və dəqiq yerinə yetirilməsi təşkil edir. Bu gün biz böyük qürurla deyə bilirik ki, Vətən müharibəsindən əvvəl, döyüş əməliyyatlarının gedişatı zamanı və müharibədən sonrakı dövrdə qarşımızda qoyulmuş bütün tapşırıqlar layiqincə icra olunub”, - general-polkovnik Elçin Quliyev qeyd edib.

“Bu sırada - şəxsi heyətin Heydər Əliyev dövlətçiliyinə sədaqəti, hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsini, təmas xəttinin bilavasitə yaxınlığında xüsusi təyinatlı hərbi bazaların yaradılmasını, düşmən üzərində hərbi üstünlüyümüzü şərtləndirən əsas amillərdən biri olmuş pilotsuz uçuş aparatlarının alınmasını və həqiqi döyüş şəraitində effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılmasını xüsusi qeyd etməliyəm. DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılmasını və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsini, ən yüksək səviyyədə silahlar, döyüş sursatları və hərbi ləvazimatla təchizatlandırılmasını, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsini də əsas məqamlardan biri kimi vurğulayıram”, - DSX rəisi qeyd edib.

O, bildirib ki, eyni zamanda "AN-2" təyyarələrinin pilotsuz uçuş aparatı kimi modernləşdirilməsi və hərb tarixində yenilik, "nou-xau" kimi qiymətləndirilən, yanlış hədəf qismində düşmənin hava hücumundan müdafiə sistemini aşkarlamaq və zərurət olduqda dəqiq zərbə endirmək məqsədilə tətbiqi, bölmələrimizə 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumu həyata keçirmək imkanını vermiş döyüş vərdişlərinin yaradılması, düşmən bölmələrinin dislokasiyası və hərəkətləri barədə kəşfiyyat məlumatlarının əldə olunması və bu kimi digər məsələləri xüsusi qeyd etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə