44 günlük müharibə Azərbaycan xalqının və liderinin iradəsini ifadə etdi - DEPUTATIN ŞƏRHİ
“27 sentyabr Azərbaycan tarixində hələ uzun müddət xatırlanacaq bir gündür. Bu günü xalqımız həm də torpaqlarımızın düşməndən, Ermənistan silahlı qüvvələrinin 30 illik işğalından azad etdiyi 44 günlük müharibənin ilk günü kimi qeyd edir. Bu günə gəlib çıxmaq üçün Azərbaycan hansı sınaqlardan keçməyib? Dünya ölkələrinin haqsızlığı, beynəlxalq təşkilatların ikili standartları, separatçılara dəstək, işğalçı ilə işğala məruz qalan arasında fərqin qoyulmadığı bir siyasətlə üz-üzə qalmışdı Azərbaycan. Dünya gücləri ATƏT-in Minsk qrupu vasitəsilə sülh danışıqlarının alternativsizliyi barədə fikirlər səsləndirir və beləliklə münaqişənin həllini uzadırdılar. Amma zaman gözləmirdi, xalqın istəyi torpaqlarımızın tezliklə azad olunması, yüz minlərlə soydaşımızın öz ata-baba yurdlarına qayıtması idi. Bu müharibə xalqın səbrinin daşdığı, hisslərinin tarıma çəkildiyi bir daha sübut etdi. O cümlədən 44 günlük müharibə Azərbaycan xalqının və onun liderinin iradəsini ifadə etdi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub, bu illər ərzində aparılan danışıqlarda torpaqların azad olunacağına, Ermənistanın işğalçı siyasətinə son qoyulacağına inandığı üçün səbr nümayiş etdirib: “Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindən əvvəl aparılan danışıqlarda daim bir fikri səsləndirirdi, əgər sülh yolu ilə olmasa torpaqlarımızı müharibə yolu ilə alacağıq. Əslində bu, son hədd idi, Azərbaycan bir tərəfdən sülh danışıqlarında iştirak edirdi, digər tərəfdən alternativ yollar barədə də düşünürdü. Çünki düşmən və onun arxasında duranlar riyakarlıq edirdilər, danışıqlarda bir, reallıqda isə başqa bir siyasət yürüdür, işğalı davam etdirirdilər. Ermənistanın yürütdüyü siyasətin, həm də danışıqların aparılmasında niyəti bir idi, Qarabağda yaratdığı separatçı qurumu legitimləşdirmək, dünyanın bir subyektinə çevirmək, müstəqil dövlət kimi tanıtmaq. Azərbaycan Prezidentinin də qəti fikri bundan ibarət idi ki, Azərbaycan torpaqlarında bir erməni dövləti qurulub, ikinci dövlətin qurulmasına qəti yol vermək olmaz. Amma Ermənistan işğal yolunu tutmaqda israr etdi və layiqli cavabını da aldı”.
A.Hüseynov qeyd edib ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması səbr kasamızı doldurdu: “Ermənistan Ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Ali Baş Komandan İlham Əliyev bizim haqq yolunda olduğumuzu qeyd etdi və zəfər çalacağımızın anonsunu verdi. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyərək xalqa müraciət etdi. Azərbaycan xalqının minlərlə oğul və qızı Vətənin harayına, Prezidentin çağırışına səs verdi, qısa müddət ərzində on minlərlə gənc səfərbərlik idarələri önündə toplandı. Əlbəttə bu, qürurverici görüntülər idi, xalq yumruq kimi birləşmişdi, bütövləşmişdi. Təkcə Azərbaycanda yox, dünyanın hər yerində soydaşlarımız Prezidentin səsinə səs verdi. 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə yekunlaşan Vətən müharibəsi həm də xalqın ən böyük imtahanı oldu. Azərbaycan xalqı torpağını, yurdunu necə sevdiyini, onun uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya sübut etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB