“Güney Qafqazda sərhədlərin dəyişdirilməsi yolverilməzdir”, ifadəsi son vaxtlar qonşu dövlət olan İranın nəinki rəsmilərinin, hətta mollasından tutmuş, siyasətçisinə, diplomatına, hərbçisinə qədər çoxlarının dilinin əzbəri olub. Təbii ki, bunun hansı səbəbdən, nəyə görə olduğu, belə ifadələr səsləndirməyin nə məna daşıdığı hər kəsi maraqlandırır və bunun nəyə hesablandığı, hansı maraqlar güdüldüyü də düşündürücüdür.
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci iclası çərçivəsində İran prezidenti İbrahim Rəisinin digər bir qonşu dövlət olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bizim üçün diqqətdən yayına bilməzdi, çünki bu görüşün əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sərhədində baş verənlər olub. Sərhəddə davamlı olaraq təxribatlara yol verən, növbəti təxribatları tərətmək üçün də dəridən-qabıqdan çıxan Nikol Paşinyan, bütün bu mənfur əməllərə rəhbərlik etməsi fonunda, əsl erməni simasızlığına uyğun olaraq, utanmadan hələ Azərbaycandan şikayətlənib. “Ermənistanın təhlükəsizliyi İran üçün çox önəmlidir”, deyən İbrahim Rəisi isə, təbii ki, Ermənistana, bu ölkənin baş nazirinə bir növ, təsəlli verib. Məsələ burasındadır ki, hazırda İranın özünün təssəlliyə ehtiyacı olduğu halda bu ölkə prezidentinin qonşu dövlətə, həmin dövlətin baş nazirinə təsəlli verməsi çox gülünc görünür.
“Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”, deyən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin ifadəsi isə bir növ təhdid kim görünür və bu təhdidin bizə, Azərbaycana ünvanlandığı bəllidir. İstər prezident İbrahm Rəisinin, istər Baş Qərargah rəisi Məhəmməd Baqerinin, istərsə də hərhansı İran rəsmisinn mövqeyi, səsləndirdiyi ifadələr onu göstərir ki, uzun müddətdir özünü İslam Respublikası elan edən İran, öz ənənəsinə sadiq qalaraq, müsəlman ölkəsini, özü də haqlı olan ölkəni deyil, müsəlman ölkəsinə düşmən kəsilən xristian ölkəsini, Ermənistanı müdafiə edir və üstəlik ermənilərə xoş gəlsin deyə, Azərbaycanı təhdid belə etməyi özünə rəva bilir. Sözsüz ki, İran bu dəfə də öz “üzünü” ortaya qoyur və bu “üz” bizə çoxdandır tanışdır, bu baxımdan da gülünc görünsə də belə, o qədər də təəccüblü görünmür.
İran, istər ötən əsrin 90-cı illərində, yəni Birinci Qarabağ müharibəsində, istər 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə dönəmində, istərsə də postmüharibə dövründə hər daim Ermənistanı dəstəklədi. İranın, bir müsəlman ölkəsinin, İslam Pespublikası olaraq özünü təqdim edən dövlətin müsəlman ölkəsi olan, müsəlmanların yaşadığı Azərbaycanı, onun islam dini mənsubiyyətli vətəndaşlarının haqlı mövqeyini deyil, onlara düşmən kəsilən qonşu ölkənin vətəndaşlarını, işğalçı qonşu ölkə olan Ermənistanı hər zaman dəstəkləməsi yalnız ikrah doğurur. Həm də belə bir dəstək əlbəttə ki, çoxsaylı suallar doğurur. İlk öncə sual yaranır ki, axı niyə İran İslam Respublikası bir xristian ölkəsini, özü də islam ölkəsini özünə düşmən he
sab edən, əleyhində olan Ermənistanı tutur?
Ermənistan təkcə Azərbaycana, azərbaycanlılara qarşı düşmənçilik etməyib axı, bu ölkə bütövlükdə müsəlmanlara, islam dünyasına qarşı düşmənçilik aparır. İşğalçı ölkənin apardığı işğalçılıq siyasətinin fonunda, bəlli müddət ərzində bir nəfər azərbaycanlının belə yaşamadığı, 30 il işğal altında qalan Azərbaycan torpaqlarında ermənilərin müsəlman məscidlərinə, dini abidələrə qarşı törətdiklərini İran tərəfi bilmirmi? Hər şeydən xəbərdar olan İran, bizim ərazilərimizdə olan məscidlərin ermənilər tərəfindən bilərəkdən murdarlanmasını da bilir. Bilir ki, müsəlman məscidlərini ermənilər təkcə viran qoymaqla kifayətlənməyiblər, müsəlmanlar üçün Allahın evi sayılan bu müqəddəs yerdə donuz saxlamaqla, bütövlükdə müsəlman dünyasına, islam ölkələrinə təhqir ünvanlayıblar. Bütün bunların fonunda, bütün bunlara rağmən İran yenə də müsəlmanları, azərbaycanlıları yox, İslam dəyərlərini təhqir edən erməniləri açıq şəkildə və israrla dəstəkləyir.
İran, I Qarabağ müharibəsində müsəlmanlara, azərbaycanlılara qarşı soyqırımlar həyata keçirən Ermənistanı dəstəklədi. Ermənilərin etdikləri vəhşiliklər, tarixdə tayı-bərabəri olmayan Xocalı soyqırımına imza atmaları fonunda İran işğalçıya, erməni vəhşiliyinə dəstək verdi. Bunu II Qarabağ savaşında da davam etdirdi və bu dəfə də Gəncədə, Tərtərdə ermənilərin törətdiklərinə biganə yanaşıldı, dinc əhaliyə qarşı qəddarlıq edilməsinə İran tərəfindən göz yumuldu. Bu, artıq göstərir ki, İran çoxdandır Ermənistanı özünə yaxın bilir və müsəlmanların düşmənlərinə dost olmaları gülünc olmaqla yanaşı, həm də çox rüsvayçıdır, İran üçün xəcalət çəkiləsi bir məqamdır.
Daha bir məqam diqqəti çəlb etməyə bilməz və bu məqam İranın özünün qlobal miqyasda acınacaqlı vəziyyətidir. İranın özü hal-hazırda bütün dünyanın hədəfindədir və bunu həmin ölkə siyasətçiləri, politoloqları daha yaxşı dərk edirlər. Dərk edirlər ki, İran özünün Rusiya yönümlü olması ilə bütün dünyanı özünə qarşı qaldırıb, çünki İranın Rusiyanı dəstəkləməsi beynəlxalq birliyə qarşı çıxmaq deməkdir və indi bu halda İran öz hayında olmalıdır, hayların yox. Bu dırnaqarası İslam Respublikasının Ermənistanı dəstəkləməsi məhz bu baxımdan da gülüncdür, çünki məhz İranın Rusiyanı dəstəkləməsini Ukraynanın beynəlxalq birliyin diqqətinə çatdırması, başda ABŞ olmaqla, bütövlükdə Qərbin Tehrana qarşı sanksiyaları genişləndirəcəyi, İranla yeni nüvə sazişinin bağlanılmayacağı anlamına gəlir. Belə bir vəziyyət İran üçün yaxın zamanda ciddi, çətin vəziyyət anonsu deməkdir və bu şəraitdə kim-kimə təskinlik verir və bu təskinlik gülünc deyilmi?
Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, son günlər İranda başlayan və bütün şəhərlərə yayılan hicab aksiyası bu ölkədəki dini ideologiyanın da deqredasiyaya uğradığını isbatlayır. Üstəlik, sosial-iqtisadi problemlər, kəskin təbəqələşmə, milli kimliklərə qarşı aparılan diskriminasiya siyasəti bütün təbəqədən olan insanların etiraza qoşulması ilə nəticələnib və bu da qurduqları sistemin təməlindən çökməkdə olduğuna işarədir. Belə olan halda, İran nə üzlə Ermənistana təsəlli verir, Azərbaycana isə təhdidlər ünvanlayır? Bu hal əlbəttə ki, İranın özünü gülünc vəziyyətə saldığını ortaya qoyur və təkcə biz yox, bütün dünya beləcə bu ölkəyə tamamilə fərqli şəkildə yanaşır, çünki özünü gülünc günə qoyub.
Əlbəttə ki, Cənubi Qafqazdakı yeni reallığı dəyişdirməyin mümkün olmayacağını rəsmi Tehran çox yaxşı başa düşür, qəbul da edir. “Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”, deyən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin də dediklərinin anlamsız və mümkünsüz olduğu hər kəsə bəllidir. Bəllidir ki, hərbi müdaxilə üçün zəmin və siyasi şərait olmadığı halda “dözməyən” Məhəmməd Baqeri dözsə də, dözməsə də heç nə edə bilməz. Elə isə, belə mənasız fikirlər, ifadələr səsləndirməyin anlamı nədir? Kimin dəyirmanına su tökülür və burada İranın dividenti nə ola bilər? Axı bu qonşu ölkə öz problemlərini həll edib ki, başqalarının problem kimi göstərdiklərini də düşünsün? “Özünə umac ova bilməyən başqasına əriştə kəsə bilməz”, zərb məsəli bu məqamda lap yerinə düşür.
İranın müxtəlif şəhərlərində etirazlar səngimək bilmir və etirazçıların şuarları vəziyyətin nə yerdə olduğunu ortaya qoyur. Əgər etirazçılar dini lider Xamneyinin fotolarını yandırır, rejimə qarşı “rədd ol” tələbləri irəli sürürsə, bu artıq İran dövləti üçün həyəcan təbili deməkdir. Bu ölkənin bundan sonrakı vəziyyəti sual altındadır. İstər qlobal müstəvidə, beynəlxalq miqyasda, istərsə də daxili vəziyyətindəki acınacaq halı İran üçün problemlərin yetərincə olması kimi başa düşülür. Bunu rəsmi Tehran anladığı halda, İran parlamenti Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirəyə çıxarır, bu ölkənin hərbi rəhbərliyi də Bakıya qarşı təhdidlər irəli sürür və məhz gülünc olan həm də budur.
Heç bir dövlət, xüsusən də Azərbaycan kimi suveren, müstəqil bir ölkə hansısa kənar qüvvənin, qonşu dövlətin təhdidləri ilə deyil, milli maraqlarına əsasən öz siyasətini formalaşdırır və bunu İran rəsmilərinin anlaması gərəkir. Qonşu dövlətin mollaları bəzi həqiqətləri anlamalıdırlar və bilməlidirlər, qəbul etməlidirlər ki, Azərbaycan onlar üçün hansısa bir kiçik körfəz ölkəsi deyil və hədələri də nəinki təsirsizdir, hətta heç bir məna da kəsb edə bilməz. Mövcud reallıqlar, Azərbaycanın yaratdığı reallıqlar fonunda əsl həqiqət bundan ibarətdir və bununla barışmaqdan başqa İran mollalarının da, digər rəsmilərinin də çarəsi yoxdur.
Bəli, Cənubi Qafqazda reallıq dəyişib, hansıki bu, nə qədər tez dərk edilsə, qəbul edilsə, Ermənistan üçün də, İran ücün də bir o qədər yaxşı olar. Yaxşı olar, hər iki ölkə dərk etsin ki, işğal altındakı torpaqlarımız, Azərbaycan torpaqları öz gücümüz, öz imkanlarımız hesabına işğaldan azad edilib. Deməli, indi gündəliyi Azərbaycan müəyyən edir, hansı ki, bölgədə maraqları olan bütün tərəflər də yalnız bu gündəlik çərçivəsində addımlar atmalıdırlar və haqqında bəhs etdiyimiz bu reallıq dəyişilməzdir. Kimliyindən asılı olmayaraq, bu dəyişilməz reallığa qarşı çıxanlar, Ermənistanın son çabaları fonunda atdığı addımlara dəstək olanlar, rüsvayçı məğlubiyyət acısını dadan miskin bir işğalçı ölkənin ardınca düşənlər də onlara qoşularaq rüsvayçılıqla qarşılaşıb gülünc olmalıdırlar. Həm də Allahın evində donuz saxlayan haylara tay olaraq gülünc olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB