2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu. Ermənistan döyüşdə məğlubiyyətinin acısını mülki əhalidən çıxmağa cəhd göstərirdi, Gəncə, Mingəçevir, Tərtər, Bərdə şəhərlərinə qadağan olunmuş müxtəlif raket zərbələri vururdu. Beynəlxalq ictimaiyyət buna reaksiya verirdi, ancaq belə reaksiyalar işğalçı dövləti iyrənc niyyətindən çəkindirmirdi. Prezident İlham Əliyev xalqa müraciətində xüsusi vurğulamışdı: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.Vətən müharibəsi xalqın müharibəsi idi. Vətənpərvərlik işğalçılığa qalib gəldi. Bu Zəfər həm torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi. Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaldırdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş edirdi. Vətən müharibəsi dövründə hər bir azərbaycanlı ölkə başçısının xalqa müraciətlərində qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Hər qələbə xəbərini aldıqca yenilməz Azərbaycan Ordusu ilə fəxr edir, qürrələnirdik. Biz qalib ölkənin vətəndaşlarıyıq, cəsur və sarsılmaz Ordumuz var deyə qürur duyurduq. Hazırda işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi və bərpası istiqamətində möhtəşəm quruculuq işləri həyata keçirilir, nəhəng layihələr icra olunur. Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi.Düşmən üzərində qazanılan Zəfər Azərbaycan xalqının birliyinin təntənəsidir.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!!!
Sona Köçərli
Tərtər rayon Mədəniyyət İdarəsi Ərazi Partiya Təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB